Rusiya Azərbaycana taxıl daşınması tariflərini 50% endirəcək.
Teleqraf.com xəbər verir ki, bunu "Rusiya Dəmir Yolları" ASC-nin Korporativ Nəqliyyat Xidməti Mərkəzinin rəhbəri Aleksey Şilo deyib.
O bildirib ki, Rusiyanın qlobal taxıl bazarındakı rəqibləri Ukraynada, Avropa İttifaqı ölkələrində, o cümlədən Fransada bu il taxıl istehsalında azalma var. Odur ki, ixracla bağlı vəziyyət Rusiya üçün əlverişlidir.
Aleksey Şilo qeyd edib ki, rəhbərlik etdiyi şirkət taxıl daşınmasını artırmaq üçün müəyyən addımlar atır: "Məsələn, Xəzər və Azov-Qara dəniz hövzələri istiqamətində qısa məsafələrə (400 km-ə qədər) ixrac olunan taxıl daşımalarında 38% endirim, habelə Samur sərhəd keçid məntəqəsindən (Rusiya-Azərbaycan sərhədi) taxıl daşınması üçün 50% endirim nəzərdə tutulur".
Maraqlıdır, Rusiya bu addımı niyə atır? Qazaxıstan bazarı əldən çıxırmı?
İqtisadçı-ekspert Akif Nəsirli Teleqraf.com-a bildirib ki, hazırda Rusiyanın bu cür addımlar atmağa ehtiyacı var:
“Hesab edirəm ki, burada söhbət tək iqtisadi maraqdan getmir. Çünki bu, Rusiyanın iqtisadi maraqların təmin etmir. Onlar bilir ki, Azərbaycan taxıla olan daxili tələbatının 40-50 faizini xaricdən idxal edir. Təbii ki, müəyyən iqtisadi maraqlar hədəfləyirlər, amma bu hədəf üçün taxıl daşınması tariflərində 50 faiz endirim etməyə dəymir.
Ümumiyyətlə, heç bir biznesdə 50 faiz endirim edilməsi nəzərdə tutulmur. Amma bu, qarşı tərəfə verilən böyük bir güzəştdir. Hesab edirəm ki, burada əsas siyasi maraqlar var. Bu gün Azərbaycanla Ermənistan arasında gedən hərbi əməliyyatlardan dolayı Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoymağa çalışan qüvvələr var. Amma məsələ burasındadır ki, Rusiya bu çağırışlara, provokasiyalara siyasi baxımdan hələ ki, getmir. Qənaətimcə, sabitliyin saxlanılması, Azərbaycanla əlaqələrin əvvəlki səviyyədə qorunması üçün başqa istiqamətlərdə də iqtisadi güzəştlərin olması gözləniləndir”.
Analitik hesab edir ki, Rusiya nə qədər aşağı qiymətlərlə taxıl təklif etsə də, Azərbaycan taxıl idxalında diversifikasiyanı gözləyəcək:
“Yəni digər partnyorlardan da taxıl idxal ediləcək, amma hər halda bu güzəşt də cavabsız qalmayacaq. Hazırkı həssas məqamda bunu Rusiyanın bir jesti kimi qəbul edirəm və digər sahələrdə də belə jestlər gözləniləndir. Ümumilikdə nə Qazaxıstan, nə də Ukrayna bazarları əldən çıxmayacaq. Ola bilsin ki, həmin ölkələrdən idxal müəyyən qədər azalsın, amma bu partnyorlardan imtina edilməsi gözlənilmir”.
Akif Nəsirlinin qənaətincə, Rusiya ilə Qazaxıstan taxılı arasında müəyyən keyfiyyət fərqləri var:
“Orqanizmə faydalı olma baxımından Rusiya taxılı daha səmərəlidir, ununun yapışqanlıq maddəsinin səviyyəsi aşağıdır. Amma sənayeçilər və istehsalçılar üçün keyfiyyət göstəricisi buğda ununun yapışqanlıq dərəcəsinin yüksək olması əsas götürülür. Bu da Qazaxıstan taxılında var. Bu gün istehsalçılar daha çox Ukrayna və Qazaxıstan taxılına üstünlük verirlər. Rusiya taxılının cəlbediciliyini artıran yalnız onun qiymətinin aşağı olmasıdır. Bu baxımdan Rusiyanın bu addımı gözləniləndir.
Dünyada istənilən idxalçı qiymətlər nə qədər dəyişsə də, idxal diversifikasiyasını sabit saxlamağa çalışır. Çünki hazırda dünyada fors-major hallar qaçılmazdır. Tutaq ki, bir ölkədə təbii fəlakət, müharibə və.s ola bilər. Bu baxımdan istənilən məhsulun idxalında şaxələnmə mütləq gözlənilməlidir. Ölkənin taxıl təminatını da bir ölkənin ümidinə buraxmaq olmaz. Gürcüstan Azərbaycandan kifayət qədər qaz idxal edir, amma eyni zamanda bizim enerjidən daha baha qiymətə Rusiyadan da qaz idxal edir. Bu, diversifikasiya siyasətidir, hökumətin qaz idxalında sabitliyi qorunması üçündür. Azərbaycan da ərzaq buğdasının təminatı üçün diversifikasiyanı mütləq qoruyacaq. Müəyyən azalmalar ola bilər, amma digər partnyorlardan imtina etməkdən söhbət gedə bilməz. Bu, tələbdir, hazırkı dünya standartıdır”.