Koronavirus pandemiyası bir çox ölkələr kimi Azərbaycan iqtisadiyyatına da ciddi təsir göstərib. Ölkədəki bir sıra fəaliyyət sahələri qismən və ya tamamilə məhdudlaşdırılıb, xarici səfərlər dayandırılıb və xarici ticarət əlaqələri zəifləyib. Pandemiyanın gətirdiyi məhdudiyyətlər aradan qalxdıqca, iqtisadi canlanmanın yaranacağı gözlənilirdi. Lakin son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunur. Bu isə ölkələrdə karantin rejiminin yenidən sərtləşdirilməsinə səbəb olub.
Maraqlıdır, pandemiyanın ikinci dalğası iqtisadiyyata necə təsir göstərəcək?
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov Teleqraf.com-a bildirib ki, pandemiya ilə əlaqədar tətbiq edilmiş bir sıra məhdudiyyətlər ölkə iqtisadiyyatına zərbə vurub: “Pandemiyanın birinci mərhələsində həm dünya iqtisadiyyatı, həm də qlobal iqtisadiyyatın bir parçası kimi Azərbaycan da ziyan çəkmişdi. Hazırda bütün Avropa ölkələrində, xüsusilə Amerikada pandemiyanın ikinci dalğası sürətlə yayılır.
Azərbaycanda son günlər yoluxma sayının artması səbəbindən məcburiyyət qarşısında karantin rejimini sərtləşdirmək qərarı verilib. Təbii ki, itkilər olacaq. Ancaq vəziyyətin tez bir zamanda nəzarət altına alınmasına çalışmaq lazımdır. Bu, tək Azərbaycanın deyil, bütün dünyanın problemidir”.
İqtisadçı qeyd edib ki, yoluxma sayında azalma olan kimi karantin rejiminin qaydaları yumşaldıldı: “Təhsil müəssisələrinin, o cümlədən digər sosial müəssisələrin fəaliyyətinə imkan yaradıldı. Hazırda cəmiyyətimiz cəbhə üçün necə birgə çalışırsa, virusla mübarizədə də elə olmalıdır. İnsanlar karantin qaydalarına normal riayət etmədilər, virusa məsuliyyətsiz yanaşdılar. Nəticə etibarilə bu da yoluxma sayının yenidən artmasına səbəb oldu. Koronavirus da bir cəbhədir. Burada da mübarizə aparmağı bacarmaq lazımdır”.
Fikrət Yusifov hesab edir ki, pandemiyanın ikinci dalğasında neft ucuzlaşa bilər: “Pandemiya səbəbindən iqtisadiyyatın geriləməsi, ressesiya dövründə yeni bir ressesiya mərhələsinin başlanması o deməkdir ki, neftə tələbat azalacaq. Tələbat azalan kimi qiymət aşağı düşür. Yaramaz bir düşmənlə müharibə apardığımız bir şəraitdə bu bizə lazım deyil.
Ona görə xalq, millət olaraq bu məsələdə öz payımıza düşən işin öhdəsindən layiqincə gəlməyi bacarmalıyıq. Qısa zaman içərisində karantin müddəti bitməlidir ki, iqtisadiyyatımızın normal tərzə qayıtması mümkün olsun”.
Manat-dollar münasibətlərinə gəlincə, professor bu dönəmdə məzənnənin dəyişəcəyini güman etmir: “Məzənnənin dəyişəcəyinə inanmıram. Tezliklə iqtisadiyyatımız normal axarına qayıtmalıdır ki, gərginlikləri geridə qoya bilək”.
Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respblikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Evdə qal, ətrafını qoru” layhəsi çərçivəsində hazırlanıb.