“Dünyada COVID-19 virusunun ən çox yayıldığı həftələri yaşayırıq, yaz aylarına nisbətən gündəlik yoluxma sayı dünyada 3-4 dəfə çoxdur. Bir sıra ölkələrdə karantin sərtləşdirilir, qapanmalar var, amma hökumətdən həm biznesə, həm işçiyə, həm də vətəndaşa dəstək paketləri gəlir”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, qadağaları stimullaşdırmaq üçün əvəzində nəsə təklif edilməlidir: “Sadə misal çəkim. Evdə uşağa nəsə qadağan edəndə deyirsən ki, gün ərzində TV-də cizgi filminə cəmi 1 saat bax, əvəzində bir dənə şokolad artıq yeyə bilərsən və ya dərslərinə 1 saat daha çox vaxt ayır, ay sonu filan oyuncağı alacam. Dövlət də belə olmalıdır. Qadağa-təşviq, qadağa-mükafat prinsipi ilə hərəkət etməlidir.
Həftə sonu hər yer bağlanır (ərzaq və aptekdən başqa). Ayda 8 gün qapalı olanda biznes dövriyyəsindən məsələn, 100 manat itirirsə, onun da 15 manatı qazanc idisə, gələn ay açılanda vergisi aya 20 manat olacaqsa, ondan 15 manat çıxıb 5 manat ödəsin. Yox, əgər açılanda aylıq qazancı 10 manat olacaqsa (çoxunda elə olacaq - alıcılıq qabiliyyəti düşüb), 5 manatı da dövlət versin. Vətəndaşa da ayrı təşviqlər olmalıdır. Axı dövlət həm də kökə vermək üçündür”.