Bu gün Milli Məclisin plenar iclasında “Əmanətlərin sığortalanması haqqında” Qanununda dəyişiklik müzakirə edilib. Dəyişikliyə əsasən, "Əmanətlərin tam sığortalanması" Qanununun müddəti bitəndən sonra əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği üç dəfədən çox artırılması təklif olunur. Başqa sözlə, gələn il aprelin 5-dən fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manatadək artırılması təklif olunur. Həmçinin 20 min manatdan çox olmamaq şərti ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri ilə sığortalanacaq.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov layihədə bir sıra məsələlərə diqqət çəkib.
O bildirib ki, kompensasiya məbləği 20 min manat müəyyən edilməklə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması təqdirəlayiq hal olsa da, kompensasiya məbləğinin artırılması məqsədəuyğun olardı: “Hazırda bu kateqoriya üzrə banklarda vəsaitlərin həcminin cəmi 110 milyon manat olduğunu və 20 min manata qədər olan hissənin 50 milyon manat təşkil etdiyini nəzərə alsaq, burada daha böyük məbləğin müəyyənləşdirilməsi fiskal baxımdan ciddi öhdəlik yaratmayacaq. Həmin fərdi sahibkarların əksəriyyətinin hesablarının da sistem əhəmiyyətli banklarda olduğunu diqqətə alsaq, burada risk faktoru nisbətən aşağıdır.
O baxımdan kompensasiya məbləğinin 20 min deyil, 50 min manat müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı və bu, fiskal baxımdan hər hansı ciddi çətinlik yaratmayacaq”.
İqtisadçı hesab edir ki, hüquqi şəxslərin vəsaitlərinin sığortalanması mexanizminin işlənib hazırlanmasına ehtiyac var: “Bir tərəfdən vəsaitlərin nağdlaşdırılması ilə bağlı limitlər var, nağdsız hesablaşmaların genişləndirilməsi baxımdan bu, yaxşıdır, amma digər tərəfdən bank müflis olan zaman sahibkarlar öz vəsaitlərini geri ala bilmir. Bu vəsaitlərin məbləğlərinin limitli və mərhələli şəkildə banklar tərəfindən üçüncü (dövlət olmayan) tərəf vasitəsi ilə sığortalanması mexanizminin işlənib hazırlanması və tətbiqini təklif edirəm”.
Analitik Mərkəzi Bankın məlumatına istinadən qeyd edib ki, yeni dəyişikliklər təsdiq olunduqdan sonra 7.5 milyard manatlıq əmanət portfelinin təxminən yarısı sığortalanacaq, qalan hissəsi sığortalanmayacaq: “Əmanətlərin sığortalanması ilə bağlı təklif edilən mexanizm məsuliyyətin -fiskal öhdəliyin daha çox iki tərəf - dövlət və müştərilər arasında bölüşdürülməsini nəzərdə tutur. Praktik olaraq bu istiqamətdə sektorun məsuliyyəti müəyyənləşmir. Qorunan əmanətlər dövlət mənbəsi hesabına qarşılanır, digərləri isə əksər hallarda ödənilmir, yəni müştərinin öhdəliyində qalır. Baxmayaraq ki, depoziti cəlb edib və ondan gəlir əldə tərəf banklardır. O baxımdan, sığortalanan məbləğlə bağlı rəqəmlərin dəyişdirilməsi mexanizminin təkmilləşdirilməsi anlamına gələ bilməz. Daha məqsədə uyğun olar ki, əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, əmanətlərin qaytarılmasında sektorun öhdəlikləri aydın şəkildə müəyyənləşsin və buna nəzarət edilsin. Təklif edilən layihədə stekholder yanaşmasına ehtiyac var. Yenə də dövlət əsas fiskal yükü öz üzərinə götürür və digər əksər steykholderlərin, xüsusən də bank sektorunun aktrlarının fiskal öhdəlikli steykholderlər kimi nəzərə alınmır”.
Vüqar Bayramovun sözlərinə görə, son müflis olan 4 bankda kreditlərin 60 faizindən çoxunun təminatsız olması həmin banklarda qorunmayan əmanətlərin qaytarıla biləcəyi ilə bağlı müəyyən tərəddüdlər formalaşdırıb:
“Həmin kredit öhdəliklərinin bank müfis olduqdan sonra o öhdəliklərin yerinə yetirilməsi ilə qorunan əmanətlərin qaytarılmasına məsul olan qurum məşğul olur. O baxımdan, təklif ediləcək mexanizm eyni zamanda kredit öhdəliklərinin yaranan zaman nəzarət mexanizmini də nəzərdə tutmalı və potensial ləğvedici qurum o prosesdə dolayı olsa da iştirak etməlidir. Belə nəzarət formalaşarsa, o zaman hətta qorunmayan əmanətlərin də qaytarılması mümkün ola bilər”.