ABŞ Konqresinin Respublikaçı və Demokrat liderləri əhaliyə koronavirus yardım paketi ilə bağlı fikir birliyi əldə edib. Konqres üzvləri aylardır bu məsələdə razılığa gələ bilmirdilər.
Teleqraf.com xəbər verir ki, 900 milyard dollarlıq koronavirus paketi barədə razılıq əldə olunub.
Mart ayında 2,3 trilyon dollarlıq paketdən sonra 900 milyard dollarlıq yeni yardım ABŞ tarixində ikinci ən yüksək iqtisadi paket olacaq.
Ölkədə hər gün 214 min insan virusa yoluxur, epidemiyanın başlanğıcından bəri 317 mindən çox insan ölüb.
Demokrat Partiyasının Senatdakı lideri Çak Şumer paketin yetərli olmadığını düşünür: “Bu köməyi yetərli hesab edən kəs, deməli, ABŞ-da nə baş verdiyini bilmir. Co Bayden vəzifəyə gəldikdən sonra daha çox yardım ayrılacaq”.
ABŞ Prezidenti Donald Trampa təqdim ediləcək paketlə adambaşına 600 dollar yardım planlaşdırılır. Kiçik müəssisələrə milyardlarla yardımla yanaşı, qida dəstəyi və peyvənd paylanmasına da büdcədən vəsait ayrılacaq.