Ötən ilin sonu Azərbaycan və Türkiyə energetika nazirləri arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalandı. Ümid edirəm ki, yaxın bir neçə ay ərzində qaz boru kəmərinin inşasına sürətlə başlayacağıq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
Onun sözlərinə görə, inşa müddəti 12 ay hesablanıb:
"Azərbaycanın Qarabağı Ermənistanın işğalından azad etməsi türk millətinə izahedilməz sevinc gətirdi. "İki dövlət bir millət şüarını hər sahədə nümayiş etdirmişik. Son proseslərdə bunu bir daha təsdiqlədik. Ticarətin daha da optimallaşması üçün mühüm imkanlar yaranacaq. Naxçıvandan Azərbaycana olan dəhliz bunlardan biridir. Keçmişdə istifadə olunan bəzi nəqliyyat xətləri də var. Bunlar gündəmə gələcək. Hər baxımdan bu qələbə iki ölkənin xeyrinə oldu".
Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək. Boru kəmərinin İğdırdan Naxçıvana - Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək. Bu boru kəməri ilə illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.