“Ötən gün Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında təməlini qoyduğu “Azərsulfat” MMC və “Glassica” QSC-nin zavodları işə düşəndən sonra sulfat turşusu və müxtəlif çeşidli rəngli şüşə tara məhsulları ilə əlaqədar xaricdən asılılıq tam aradan qalxacaq və ölkənin ixrac imkanları yaranacaq”.
Bunu Teleqraf.com-a enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.
O bildirib ki, uzun müddətdir Azərbaycanda sulfat turşusunun istehsalı dayanıb:
“Sovet dönəmində bu adda məhsul Azərbaycanda emal olunub, sonradan emal prosesindən çıxarılıb. Hazırda dünya bazarlarında sulfat turşusuna böyük ehtiyac var. Qarşıdakı illərdə neft-kimya məhsullarına ehtiyac artacaq. Hesab edirəm ki, sulfat turşusu zavodunun açılması Azərbaycana əlavə dönərli valyutanın daxil olmasına imkan yaradır.
Nəzərə alaq ki, hazırda dünya bazarında sulfat turşusuna tələb çoxdur. Böyük ehtimalla həmin müəssisənin istehsal etdiyi məhsulların bir hissəsi daxili tələbata yönəldiləcək, 70 faizə yaxını isə ixrac olunacaq. Necə ki, “SOCAR Karbamid” və “SOCAR Polymer” məhsullarının bir hissəsi Azərbaycanın daxili bazarında realizə olunur, böyük bir hissəsi isə xarici bazarlarda satılır. Bu nöqteyi-nəzərdən müəssisənin fəaliyyəti əlavə valyuta gəlirlərinə səbəb olacaq”.
Mütəxəssis müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalının əhəmiyyəti və perspektivlərindən də danışıb:
“Son dövrlərdə Azərbaycanda qeyri-neft sektorun inkişafında müəyyən irəliləyişlər müşahidə olunur. Hər iki müəssisənin açılması Azərbaycanın dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasını şərtləndirməklə yanaşı, həm də yeni iş yerlərinin açılmasına səbəb olacaq.
Bu, olduqca mühüm amillərdən biridir. Qarşıdakı illərdə əhalinin məşğulluğu ilə bağlı hökumətin ayrıca bir siyasəti olmalıdır. Bu, həmin siyasətin tərkib hissəsidir”.