İqtisadçı Samir Əliyev yanvarın 18-dən başlayan vaksinləşməyə insanların münasibətini öyrənmək məqsədilə sorğu keçirib.
Teleqraf.com xəbər verir ki, iki gün davam edən sorğuda maraqlı məqamlar ortaya çıxıb.
İqtisadçı deyir ki, sorğuda ümumilikdə 250 nəfər iştirak edib: “Məqsəd əhalinin yanvarın 18-dən başlayan vaksinləşməyə insanların münasibətini öyrənmək idi.
İndi isə sorğunun nəticələrini diqqətinizə çatdırıram:
Sorğuda iştirak edənlərin yaşı 20-dən yuxarı olub və təxminən yarısı (47,2%) 30-40 yaş qrupunun payına düşüb. Risk qrupu (65+) təmsilçiləri 0,8% olub.
Aktivlik yenə də kişilərin xeyrinə olub. Cavab verənlərin 80,8%-i bu cinsin payına düşüb.
“Könüllü olaraq vaksin vurdurmağa gedəcəksinizmi?” sualına respondentlərin cəmisi 26,8 %-i müsbət cavab verib. Respondentlərin 40,8%-i isə mənfi cavablandırıb. Təxminən 1/3 respondent hələ qərar vermədiyini bildirib. Qadınların 43,3,%-i, kişilərin isə 26,2%-i hələ gözlədiklərini göstəriblər.
Respondentlərin böyük əksəriyyəti (72,8%) vaksinəşmənin könüllü olmasını dəstəkləyib. Cəmisi 13,2 %-i məcburi vaksinləşmə tərəfdarı olub.
Vaksinlərin istehsalçılarına gəlincə, respondentlərin yarısı (49,2%) Pfizer-BioNTech vaksinlərini seçiblər. İkinci üstünlük (17,6%) Oksford Universitenin istehsalı olan AstraZeneca vaksinlərinə verilib. Hazırda Azərbaycanda tətbiq edilən CoronaVac vaksinini 13,2 % respondent dəstəkləyib.