4 Mart 2021 14:24
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moody's Investors Service" şirkəti bu il Azərbaycan iqtisadiyyatının təxminən 4 faiz artacağını proqnozlaşdırır. Bu proqnoz əsas beynəlxalq təşkilatlarının (BMT, Dünya Bankı) və beynəlxalq kredit agentliklərinin ("Standard and Poor’s" və "Fitch Ratings") gözləntilərindən daha yüksəkdir.

Qeyd edək ki, "S&P Global Ratings" reytinq agentliyi bu il Azərbaycanda ÜDM-in 2,1 faiz, Dünya Bankı 1,9 faiz, Birləşmiş Millətlər Təşkilatı isə 2 faiz artacağını proqnozlaşdırır. 2020-ci ildə ölkədə ÜDM istehsalı 4,3 faiz azalıb.

Şirkət 2021-ci ildə Azərbaycanın xarici dövlət borcunun ÜDM-in 19,4 faizini təşkil edəcəyini proqnozlaşdırır. Bu proqnoz 2020-ci ilin yekunlarına əsasən qeydə alınmış faktiki göstəricidən 1,3 faiz bəndi azdır.

Dünya Bankının sonuncu proqnozuna görə, bu il ölkənin xarici dövlət borcu ÜDM-in 20 faizinə bərabər olacaq.

Xatırladaq ki, cari ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 821,5 milyon ABŞ dolları (14 996,5 milyon manat) və ya ÜDM-in 20,7 faizini təşkil edib.

Sabiq maliyyə naziri, professor Saleh Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Saleh müəllim, pandemiyadan sonra neft qiymətlərinin kəskin enəcəyi ehtimalı bir çox ölkələr kimi, Azərbaycanda da risklər formalaşdırdı. Maraqlıdır, il ərzində Azərbaycan iqtisadiyyatının 4 faiz artacağı real görünürmü?

- Azərbaycanın qələbəsindən sonra iqtisadi proqramların və planların düzgün tərtib olunması böyük əhəmiyyətə malikdir. Ötən il Azərbaycan Qarabağda qazandığı qələbə ilə tarixində ciddi dönüş yaratdı. Bu qələbəni faktor kimi götürsək, bu il iqtisadi artımda ən azı 50 faiz rolu olacaq. İşğal olunmuş torpaqların istismarından, tikinti materialları kimi köhnədən qalmış evlərin sökülüb dağıdılmasından, metal tullantılarından, meşələrin qırılmasından, zavodların işlənməsindən, eləcə də qızıl ehtiyatlarının daşınmasından və turizmdən Ermənistan ildə 3-4 milyardlıq ümumi gəlir götürürdü.

Artıq ölkəmiz qələbə qazanıb. Torpaqların böyük bir hissəsi işğaldan azad olunub, bir hissəsində isə Azərbaycanın öz razılığı ilə sülhməramlılar yerləşib. Amma yenə də işğaldan azad olunan torpaqların bəhrəsi özünü göstərməlidir.

Sovet dönəmində də Ermənistan Azərbaycanın hesabına dolanıb. O dövrdə hər iki ölkə arasında xarici ticarət saldosuna nəzər salsaq görərik ki, Azərbaycan Ermənistana hər il təxminən 3-4 milyard dollarlıq məhsul göndərib. Bu minvalla, Ermənistanın ən azı 30-40 faiz gəliri Azərbaycanın hesabına formalaşırırdı.

Sovetlər birliyi dağılandan sonra onlar başa düşdülər ki, Azərbaycan öz işlərinə sahib çıxacaq. Bu zaman müharibə başladı və Rusiya faktiki olaraq Azərbaycanı işğal etdi, o gəlirləri yenidən Ermənistanın ixtiyarına verdi. Müstəqillik qazandıqdan təxminən 27-28 il sonra da bu formada davam edib. Ermənistan əvvəllər Rusiyanın vasitəsilə Azərbaycandan götürdüyü gəlirləri Qarabağı işğal etməklə məcburən əldə edirdi.

Ermənistanın taxıl ehtiyatlarının böyük bir hissəsi, o cümlədən meyvə-tərəvəz, şərab və digər istehlak malları, eləcə də qızıl ehtiyatı Azərbaycanın hesabına ödənilirdi. Hazırda Ermənistanın bu gəlirlərinin kanalı kəsilib. Artıq bu vəsaitlərin əksəriyyəti birbaşa Azərbaycana gələcək, işğalçı ölkəni isə çox ağır günlər gözləyir. Xüsusilə kənd təsərrüfatından daxil olan gəlirlər dayandığı üçün ölkədə aclıq gözlənilir.

Bu il Ermənistanın dövlət büdcəsinin kəsiri, dövlət borcu, tədiyyə balansının kəsiri də əhəmiyyətli dərəcədə artacaq. Bu proses başlayıb.

İndiyədək Rusiyanın kənd təsərrüfatı bazarlarının əksəriyyətini ermənilər Qarabağ məhsulları ilə təmin edirdi. İşğaldan əvvəl ermənilər heç vaxt ərik, şaftalı, gilas, nar, xurma kimi məhsulları Rusiya bazarlarına göndərməyiblər. Amma işğal dövründə Rusiya, Ukrayna, Belarusiya bazarları ermənilərin Qarabağdan apardıqları məhsullar hesabına təmin olunurdu.

- Professor, müharibədən sonra ölkəmiz xarici investorlarda kifayət qədər maraq yarada biləcəkmi?

- Müharibədən qalib çıxan ölkədə mənəvi cəhətdən də inkişaf faktorları gözlənilir. İnsanlarda yaranan ruh yüksəkliyi istehsalata çox müsbət təsir göstərir. Azərbaycan dünyaya sübut etdi ki, öz torpaqlarını qorumaq qüdrətinə sahibdir. Bu da beynəlxalq təşkilatların, eləcə də xarici investorların ölkəmizə marağını artırır. Son vaxtlar beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini yüksək qiymətləndirir. Bu da birbaşa iqtisadi artıma, milli valyutanın möhkəmlənməsinə ciddi təsir göstərir.

"Moody's" şirkəti bu il Azərbaycan iqtisadiyyatının təxminən 4 faiz artacağını proqnozlaşdırır. Hesab edirəm ki, bu, daha düzgün hesablamadır. Azərbaycanın iqtisadi qurumları bu üstünlüyü düzgün dəyərləndirib istifadə edə bilsələr, ciddi artım olacaq. Əslində, şirkətin proqnozlaşdırdığı 4 faiz önəmli bir rəqəm deyil, bu, 2019-cu ildəki vəziyyətə qayıdış deməkdir.

2020-ci ildə Azərbaycanda ÜDM istehsalı təxminən 4,3 faiz azalmışdı. İndi biz bu 4 faizi kompensasiya edirik. İqtisadi artım əldə etmək üçün daha böyük imkanlar var. Təkcə işğaldan azad olunmuş ərazilərdə istehsalatı düzgün təşkil etməklə Ermənistana axan gəlirləri ölkəmizdə saxlamaq hesabına 4 faizi əldə etmək olar. Amma daha böyük gəlir istiqamətləri haqqında düşünmək lazımdır.

- Postmüharibə dövründə iqtisadi sahədə qurumların fəaliyyətini necə qiymətləndirirsiz?

- Hesab edirəm ki, son vaxtlar iqtisadi qurumların qəbul etdiyi qərarlar dövlət başçısının iqtisadi siyasətinə ziddir. Bu orqanların qəbul etdiyi qərarlar iqtisadiyyata o qədər də müsbət təsir etməyəcək. Məsələn, qiymət artımı ilə bağlı məsələlər... Qiymət Ermənistanda arta bilərdi, çünki məğlub ölkədir. Amma qalib ölkədə qiymət artımının əhaliyə yüklənməsi yolverilməzdir.

Prezident iqtisadiyyat qurumlarına tapşırıq vermişdi ki, sistem qursunlar və inkişaf etdirsinlər. Bu qurumlar qələbəni dəyərləndirib ölkənin inkişafına kömək etməli idi. Onlar isə başqa şey düşünə bilmədilər. Ən asan yol qiymət artımıdır, heç bir hesablama tələb etmir. Elə məhsullar var ki, qiymətini 10-20-30 faiz artırıb, bununla da işlərini bitmiş hesab edirlər. Bu, Azərbaycanın bugünkü iqtisadi siyasətinə tamamilə zidd yanaşmadır.

- Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutası manata qarşı dəyər itirir. Sizcə, bu, tərəfdaşlara necə təsir göstərir?

- Belə olan halda biz manatın məzənnəsini aşağı salmalıyıq. Bu da mümkün olan hal deyil, çünki qalib ölkənin valyutası gərək düşməsin. Yaxud bunu kompensasiya edə bilən başqa tədbirlər görülməlidir. Bu tədbirlər çərçivəsində ilk növbədə dövlət tərəfindən tənzimlənən qiymətlər aşağı salına bilərdi. İkincisi, vergiləri aşağı salmaq olardı, üçüncüsü, dövlət subsidiyaları artırıla bilərdi.

Nəzərə alaq ki, Azərbaycan məhsul ixracatçısıdır. Bir var dolları 1.70 manata dəyişib məhsulu ixrac edəsən, bir də var, dolları 1.80 manata dəyişəsən. İxracatçı dolları 1.80 manata dəyişib ticarət edəndə bu, onun üstünlüyüdür. Çünki bu zaman ixracatçı daxili bazarda daha az dollar məsrəf edərək daha çox manat qazanır. Bu, ixracatın stimullaşdırılmasıdır.

Rəqabətdə qalib gəlmək üçün bu məhsullara dövlət dotasiya verməlidir ki, kompensasiya edilsin və daha çox məhsul ixrac olunsun. Yaxud dövlətin onlara sata biləcəyi məhsulların qiymətini aşağı salmalıdır ki, son ixrac məhsulunun maya dəyəri aşağı düşsün və regional rəqabət milli istehsalçıları çökdürməsin. Bu yol iqtisadiyyata və ixracatın artırılmasına çox müsbət təsir göstərə bilərdi. Artıq gecdir, bir neçə sahədə qiymətlər artıb. Amma yenə düşünmək lazım idi ki, əhaliyə necə kompensasiya edilsin ki, qeyri-neft məhsullarının ixracatı dayanmasın.

Ötən il Rusiya rubulu 20-30 faizdən çox dəyər itirdi. Eyni zamanda ölkəmizin ticarət tərəfdaşları İran tüməni, Türkiyə lirəsi də ciddi dəyər itkisinə məruz qaldı. Beynəlxalq birjalarda avro dəyər qazandı, dolların məzənnəsi isə ciddi şəkildə düşmüşdü. Ticarət tərəfdaşlarımızın valyutalarının düşməsinin manata və yerli istehsalata təsir etməməsi üçün bu tədbirlərlə kompensasiya etməliyik. Üç yolu var, ya dövlət tərəfindən satılan məhsulların qiyməti aşağı salınmalıdır, ya vergilər ciddi sürətdə azaldılmalıdır, ya da dövlət subsidiyaları daha çox artırılmalıdır. Ola bilər üç üsul eyni zamanda istifadə olunsun ki, ticarət tərəfdaşları ilə rəqabətdə uduzmayaq.

- Azərbaycanın xarici dövlət borcunu azaltmaq imkanı varmı?

- Dünya iqtisadiyyatının geniş təkamül analizi mənə bir qanunauyğunluq aşkar etməyə imkan verdi. Bir xalqın xarici borcları ilə iqtisadi inkişafla düz mütənasib asılılıqdadır. Ölkələr nə qədər çox xaricdən borclanırlırsa, bir o qədər sürətlə inkişaf edir. Bütün inkişaf etmiş ölkələrdə bu meyl açıq özünü göstərir. Ən geridə qalan ölkələrdə isə tam əksinə, xarici borcları ÜDM-də çox aşağı pay təşkil edir. Azərbaycanın da borcları çox aşağıdır. Reytinq qurumları ilə razıyam, onları maraqlandıran yalnız maliyyə sabitliyidir, bu cəhətdən çox yaxşıdır.

Amma reallıqda borcların azlığını müsbət göstərici kimi saymıram. Əksinə, bu göstərici ABŞ, Yaponiya, Sinqapur səviyyəsində deyil, Rusiya, Haiti, Konqo, İran və digər geridə qalmış ölkələr səviyyəsindədirsə, deməli, mənfi göstəricidir. Kommunist və müsəlman psixologiyasından, baxışlardan uzaqlaşmaq lazımdır.

Nə yolla olursa-olsun (leqal, əlbəttə) hökumət ölkəyə nə qədər çox maliyyə axını təşkil edə bilirsə, bir o qədər yüksək iqtisadi artım, yüksəliş əldə edəcək, faizlər kəskin düşəcək, iqtisadi fəallıq artacaq, həyat tərzi yüksələcək və s.

Dəfələrlə demişəm, Prezidentin fəaliyyəti, islahatları, indi isə böyük tarixi qələbəsi Azərbaycan iqtisadi orqanlarına imkan verir ki, bu gün Azərbaycana 100 milyardlarla maliyyə axını cəlb etsinlər.

Başqa bir nümunə deyim, indi Sinqapur, İsveçrə, Luksemburq kimi bizdən də kiçik dövlətlərin cəlb etdiyi maliyyə vəsaitləri trilyon dollarlarla ölçülür, ona görə də inkişaf etmiş ölkələrdir. Bu çox dərin problemdir, ayrıca müzakirə, söhbət tələb edir.


Müəllif: Yeganə Oqtayqızı