"Son 4 ildə Azərbaycanda 51 min hektar sahədə pambıq əkilib, 90 min tona yaxın məhsul götürülüb. Bu, 2015-ci illə müqayisədə 3 dəfə çoxdur".
Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.
Ekspert qeyd edib ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ildə pambıqçılığın inkişafına diqqət ayırması ilə bu sahələrin inkişaf etdirilməli olduğunu gündəmə gətirdi: "İlk dəfə 2016-cı ilin I rübü ərzində ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetinin iclasında dövlət başçımız bəyan etdi ki, bu işdə əslində gecikmişik, yəni, pambıqçılığın bərpasına çoxdan başlamaq lazım idi. Prezidentin pambıqçılığın bərpası ilə əlaqədar məsələ qaldırması təsadüfi deyil. Çünki 2014-2016-cı illərdə neftin qiyməti ölkəni silkələdikdən sonra prioritet sahələr olaraq, sənaye ilə kənd təsərrüfatı seçilmişdi ki, bu da kənd təsərrüfatında keçmiş ənənələri bərpa etməyi zərurətə çevirdi".
İqtisadçı xatırladıb ki, keçən əsrin 70-80-ci illərində ölkədə 800-900 min ton pambıq tədarük olunub: "1981-ci ildə isə bu rəqəm 1 milyon ton təşkil edib. Ancaq 1991-ci ildə müstəqilliyə qovuşduğumuzda pambıq istehsalı 500 min tona, 1993-cü ildə isə 280 min tona enib. 2015-ci ildə bu rəqəm güc-bəla ilə 35 min ton təşkil etdi. Ümumiyyətlə, ölkədə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi üzrə strukturunda pambığın payı 1970-ci ildə 16 faiz, 1982-ci ildə isə 22 faiz təşkil edirdisə, 2015-də ildə cəmi 1,2 faiz olub. Ona görə də, həmin ildə cəmi 35 min ton məhsul götürmək mümkün olub.
Prezidentin pambıqçılığa diqqət ayırması ilə cəmi iki il ərzində bu sahədə dönüş yarandı. 2016-cı ildə bütün güclər səfərbər edildi. Texnika alındı, dövlət dəstəyi göstərildi, meliorasiya işləri aparıldı. Nəticədə 51 min hektar sahədə pambıq əkildi və 90 min tona yaxın məhsul götürüldü. Bu da 2015-ci illə müqayisədə 3 dəfə çoxdur".
Analitik deyir ki, bu, qarşıya məqsəd qoyulanda, hər şeyə nail olmağın mümkünlüyünün göstərcisidir: "Rəqəmlərə diqqət yetirək. 2015-ci ildə cəmi 18 min 700 hektar sahə pambıq əkilmiş, nəticədə 35 min ton məhsul götürülmüşdü. 2016-cı ildə 51 min hektarda pambıq əkilmişdi, cəmi 90 min ton məhsul götürülmüşdü. 2017-ci ildə isə 136 min hektar sahəyə pambıq toxumu səpilməklə (3 dəfədən çox sahəyə) 207 min ton məhsul götürüldü. 2018-ci ildə isə 132 min hektarda pambıq əkilsə də, 233 min ton məhsul tədarük edildi. 2019-cu ildə isə 100 min hektar əkilməklə 294 min ton məhsul götürülüb.
Nəticənin necə intensiv olduğu göz qarşısındadır. Əkilən sahə azalıb, məhsul həcmi isə artıb. Hektarda məhsuldarlıq 2015-ci ildəki 18,8 sentnerdən 30 sentrə yaxınlaşıb. Cəmi 4 il ərzində... Buna asanlıqla nail olunmayıb".
Pərviz Heydərov dövlət başçısının Hacıqabula səfərindən bəzi məqamlara da diqqət çəkib:
"Pambıqçılıqda əvvəlki illərlə məhsuldarlığı müqayisə edən Prezident İlham Əliyev Hacıqabulda dedi ki, 6 il bundan əvvəl bu məsələ ilə maraqlandıqdada pambıqçılıq demək olar ki, batırdı, cəmi 30-35 min ton yığılmışdı. Keçən il isə, yəni 2020-ci ildə 336 min ton, 10 dəfə çox məhsul götürülüb.
Ümumiyyətlə, ölkədə pambıqçılıq sahəsində son 6 ildə çox böyük nəticələr əldə olunub. Bunda Azərbaycanda pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı da mühüm rol oynayır. Sözügedən sənədin girişində yazılıb ki, Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialı pambıqçılığın daha da inkişaf etdirilməsini zərurətə çevirir.
Məhz buna görə ölkədə pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar siyasətin prioritet vəzifələrindən biri kimi müəyyən edilib".