Xəbər verdiyimiz kimi, aprelin 26-da Prezident İlham Əliyev səfər zamanı Zəngilan rayonunun 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edən ilk “Ağıllı kənd” plot layihəsinin təməlini qoydu.
Kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verdi ki, layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmət, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis-kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq.
Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.
Maraqlıdır, “Ağıllı kənd” pilot layihəsinin reallaşması kəndlərdə hansı üstünlükləri ön plana çıxaracaq?
İqtisadçı-ekspert Vüsalə Əhmədova Teleqraf.com-a bildirib ki, həddindən artıq yoxsulluq səviyyəsində yaşayan dünya əhalisinin 80 faizi kənd yerlərində məskunlaşıb:
“Afrika, Asiya və Sakit okean hövzəsi ölkələrinin çoxunda insanların əksəriyyəti kəndlərdə yaşayır. Məsələn, Burundidə əhalinin 88,24 faizi, Uqandada 84,23 faizi, Nepalda 81,76 faizi kəndlərdə məskunlaşıb.
Azərbaycanda isə bu nisbət təxminən 45 faizdir. Əsasən az inkişaf etmiş ölkələrdəki kəndlərdə yaşayan əhali kəsimi təməl ehtiyacların məhdud təmin edilməsi və ya tamamilə təmin edilməməsi problemi ilə üz-üzədir. Hazırda kənd yerlərinin rəqəmsal transformasiya yolu ilə davamlı inkişafına nail olmaq bütün dünyada əsas diqqət mərkəzində olan məsələdir.
Hərtərəfli rəqəmsal transformasiya kəndlərimizin inkişafına əhəmiyyətli dərəcədə təkan verə, eləcə də kənddən şəhərə köçün və yoxsulluğun qarşısını ala bilər. Yüksək yoxsulluq, aşağı gəlirlər, zəif infrastrukturla yanaşı, kənd-şəhər əlaqəsindəki çətinliklər dünyanın müxtəlif yerlərində, o cümlədən ölkəmizdə də kəndlilərin üzləşdiyi ən ciddi problemlərdir. Yoxsulluğun köklü səbəbləri ilə mübarizə aparmaq üçün kənd təsərrüfatını inkişaf etdirmək, qida təhlükəsizliyini təmin etmək, şəhər-kənd əlaqələrini sürətləndirmək vacibdir.
Kiçik sahibkar ailələrin, xüsusən də gənclərin cəlb olunduğu təsərrüfat sahələrinin qurulması prioritet olmalıdır. “Ağıllı kənd” konsepsiyası məhz kənd və qəsəbələrin rəqəmsal transformasiyaya inteqrasiya olunması prosesidir. Hazırda dünya əhalisinin 51 faizinin internetə çıxışının olduğu bildirilir. Azərbaycanda bu göstərici 75 faizdir. Kənd yerlərində əhatəli sosial dəyişikliklərin həyata keçirilməsi üçün internetə çıxış imkanı həlledici amildir”.
Analitik deyir ki, “Ağıllı kənd” (smart village) konsepsiyasının əsas məqsədi müxtəlif sektorlar üzrə rəqəmsal transformasiyaya nail olmaqdır: “Məsələn, Səhiyyə - teletibb və rəqəmsal səhiyyə xidmətlərinin tətbiqi, xəstələrə uzaqdan məsləhət almağa, səhiyyə işçilərinə isə effektiv xidmət göstərməyə imkan yaratmaq; Bank xidmətləri - vətəndaşların və müəssisələrin rəqəmsal maliyyə və investisiya xidmətlərindən istifadəsini asanlaşdırmaq; Təhsil - uzaqdan təhsil fürsətləri və hər kəsin təhsil proqramlarına bərabərhüquqlu girişinin təmin edilməsi; Məşğulluq - işsiz insanlara iş tapmaqda və bacarıqlarını artırmaqda köməklik göstərilməsi; Kənd təsərrüfatı - rəqəmsal kənd təsərrüfatı xidmətləri sayəsində təsərrüfatların səmərəliliyini və məhsuldarlığını artırmaq; o cümlədən, hüquq-mühafizə orqanlarına məlumatların real vaxtda ötürülməsi üçün hazırlanmış tətbiq və xidmətlər. Bütün bu xidmətlər kəndlilərin həyatına öz təsirini göstərəcək və zamanla onları rəqəmsal vətəndaşlara çevirəcək”.
Layihənin səmərəsi...
İqtisadçı “Ağıllı kənd” layihəsini tətbiq edən xarici ölkələrin nümunəsini də diqqətə çatdırıb:
“Türkiyədə ilk “Ağıllı kənd” layihəsi Aydın bölgəsində həyata keçirilmişdi. Bu, Türkiyədə, hətta deyərdim ki, dünyada ilk layihə olmuşdu. Məqsəd kənd təsərrüfatını texnologiyaların yardımı ilə inkişaf etdirmək və yeni nəsil kənd həyatı yaratmaq idi. Məsələn, dronlarla torpaq ərazilərinin ölçülməsi, sensorlar vasitəsilə smartfonlara ötürülən informasiyalarla əkin tarlalarının izlənməsi və s. Türkiyədə bu texnologiyalar sayəsində əkinçilik və suvarmada 20%, heyvandarlıqda 22% səmərə əldə edildi.
Bir tərəfdən əkinçilik və heyvandarlıqda səmərəlilik yüksəldilərkən, digər tərəfdən də ətraf mühitin qorunması və ekoloji təmizlik təmin olunur, kənd yerlərində yaşayanların sosial həyat şəraiti yüksəldilir.
İnternet tətbiqi sayəsində suvarma, gübrələmə, inkubasiya və donvurma prosesləri, südçülük və arıçılıq təsərrüfatları, istixanalar, pedometr (sayğac) və erkən xəbərdarlıq sistemləri uzaqdan idarə olunaraq fermerlərin işi asanlaşdırılır.
Qeyd edim ki, erkən xəbərdarlıq sistemində istifadə olunan xüsusi proqramlar və sensorlar vasitəsilə tarlaya getmədən də əkin sahələrindəki xəstəlik və zərərvericilərdən xəbərdar olmaq mümkündür. O cümlədən, mobil telefonla istənilən gün və saatda uzaqdan idarəetmə ilə suvarma işləri həyata keçirilə bilər. Bununla da gərəksiz dərmanlamanın və ya su itkisinin qarşısı alınaraq fermerin zamanında və lazımi tədbir görməsi təmin olunur”.
Vüsalə Əhmədova sözügedən pilot layihənin Azərbaycanın Zəngilan rayonunun bir neçə kəndini əhatə etdiyini vurğulayıb: “Hesab edirəm ki, “Ağıllı kənd” layihələri böyük investorlarla fermerləri bir araya gətirəcək. Ümid edirik ki, yeni layihə uğurla baş tutacaq, hər bir ailə kənd təsərrüfatından gəlir əldə edə biləcək və digər ehtiyaclarının arxasınca kəndlərdən şəhərlərə üz tutmaq məcburiyyətində qalmayacaq.
Önəmli olan odur ki, bu sistemdə də təmərküzləşmə yaranmasın, sadə kənd əhalisi, kiçik sahibkarlar və ailə təsərrüfatları inhisarçı maneələrlə qarşılaşmasın. Məsələn, Türkiyədə Ağ dəniz bölgəsindəki kəndlərdə əksər ailələrin həyətlərində kiçik zeytun yağı emalatxanaları görmək mümkündür. İstehsal etdikləri məhsulları həm özləri istehlak edirlər, həm də satışını həyata keçirirlər. Zeytunun qalıqlarından isə bioenerji əldə edilir, o cümlədən, təmizlik vasitələri sabun və s. istehsal olunur”.
Qarabağda şərabçılığın inkişafı...
Müsahibimiz deyir ki, hələ sovet ittifaqı dövründə Yuxarı Qarabağ iqtisadi rayonunun kənd təsərrüfatının əsasını üzümçülük təşkil edirdi: “Düşünürəm ki, hazırda bu bölgədə şərabçılığı yeni texnologiyalarla birləşdirərək inkişaf etdirmək olar. Məsələn, “Uzege-Pont-du-Gard” (cənubi Fransa), “Cote-des-Bar”, Şampan (şimal-şərqi Fransa), “Tinutul-Vinului” (Rumınya) kimi dünyanın ən məşhur şərabçılıq bölgələri ilə birgə “smart village” layihələri həyata keçirilə bilər. Qeyd etdiyim bölgələrin iqtisadiyyatı məhz şərabçılıq üzərində qurulub. Təcrübə mübadiləsi və innovasiyaların təşviqi ilə Yuxarı Qarabağ bölgəsində də keyfiyyətli şərabçılığı inkişaf etdirmək mümkündür.
Sloveniyada bu yaxınlarda bir investor tərəvəz və göyərtilərin hidroponik becərilməsinə (torpaq olmadan bitkilərin yetişdirilməsi texnikası) investisiya qoyaraq böyük səmərə əldə etmişdi. O cümlədən, Sloveniyanın Zasavye bölgəsində orqanik üsullarla, təbii mühitdə heyvandarlığın inkişafı təmin olundu.
Bundan əlavə, artan qida dəyəri olan buğda növlərinin becərilməsini və istifadəsini bərpa etmək məqsədilə “EIP” Əməliyyat Qrupu (Avropa İnnovasiya Tərəfdaşlığı) yaradıldı. “EIP” Əməliyyat Qrupu qədim buğda növlərinin yenidən becərilməsi üzərində iş apardı. Məlumdur ki, qədim buğda sortları yumşaq buğda ilə müqayisədə daha çox bioloji aktiv maddəyə malikdir və istehlak üçün taxıl əldə etməyə imkan verir.
Həm üzvi, həm də ənənəvi ekoloji təmiz texnologiyalardan istifadə olunaraq qədim buğda sortları ölkəmizdə də bərpa edilə bilər”.