“Daha bir dəmir yolu xəttinin tikintisinə start verilir. Artıq Horadiz-Ağbənd istiqamətində infrastruktur işlərinə başlanılıb. Bütövlükdə, azad edilmiş ərazilərimizdə işğaldan əvvəl mövcud olmuş dəmir yollarının bərpası gözlənilir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, ümumi uzunluğu 100 kilometr olan dəmir yolu xətti ölkə üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq: “Bu dəmir yolu xətti işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq və vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər.
Digər tərəfdən, dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi kontekstində dəhlizin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək”.