21 May 2021 09:21
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Azərbaycan işğaldan azad olunan ərazilərdə bərpa və inkişaf işləri ilə yanaşı, müxtəlif innovasiyaları da tətbiq edəcək. Bunlardan ən iddialısı həmin ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” sistemlərinin yaradılmasıdır ki, artıq aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndində pilot layihənin təməli qoyulub. “Ağıllı kənd” pilot layihəsi əsasən 5 komponent üzrə icra ediləcək. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “Ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir.

İqtisadçı Xalid Kərimli Teleqraf.com-a açıqlamasında “Ağıllı kənd” və layihəsinin üstünlüklərini şərh edib.

O bildirib ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri xüsusən Avropanın cənubunda populyarlıq qazanıb: “Sonradan yeni kənd və şəhərlər salınanda hökumətlər çalışıb ki, ən müasir tələblərə cavab verən, yüksək texnologiya və telekommunikasiyaların formalaşdırdığı qəsəbələr, kəndlər salsınlar. Sözügedən layihənin əsas şərtlərindən biri özəl və dövlət xidmətlərinin elektron şəkildə təqdimatını nəzərdə tutur. Burada hər bir ailə üçün yüksək sürətli internet, rəqəmsal texnologiyaların əlçatan olması hədəflənir.

Bu layihələr həmçinin alternativ enerjinin istifadəsini, eləcə də məişət tullantılarının ağıllı idarə olunmasını, su mənbələrinin qənaətcil istifadəsinə imkan verən ağıllı həlləri də nəzərdə tutur. Praktik olaraq ağıllı sürətdə logistik və nəqliyyat, eləcə də şəhər infrastrukturunun qurulmasına geniş imkanlar yaradır”.

Analitik deyir ki, işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş əhali uzun müddət şəhərdə yaşayıb və paytaxtın müasir infrastrukturundan yararlanıb: “Onların 80-90-cı illərdəki kimi inkişaf etməmiş şərtlər çərçivəsində köhnə evlərdə, eləcə də kommunal xidmətlərin normal verilmədiyi vaxtlarda olduğu kimi qayıdıb yaşayacağını düşünmək ağlabatan deyil. İnsanlarımız artıq uzun müddətdir ki, müasir şəhər infrastrukturunun verdiyi üstünlüklərdən faydalanır. Bu layihələr də kənd əhalisinin kommunal (su, işıq, rabitə və s.) xidmətlərə kəsintisiz əlçatanlığını təmin edəcək”.

Xalid Kərimli hesab edir ki, yenidən qurulan kənd və şəhərlərdə müasir kommunikasiyanın imkan verdiyi bütün üstünlüklərdən istifadə edilməlidir: “Bu, həmin ərazilərdə məskunlaşan əhalinin əməliyyat xərclərinin aşağı düşməsinə imkan verəcək. Sakinlər hər xırda iş üçün şəhər və ya rayon mərkəzinə gəlmək məcburiyyətində qalmayacaqlar. Özəl və dövlət sektorunun göstərdiyi bütün xidmətlər bir düyməni sıxmaqla yerində həll ediləcək. Bu sistemin yaradılması əhalinin həyat şəraitinin yaxşılaşmasına, əlavə vaxt itkisinin minimuma enməsinə və xərclərinin azalmasına imkan verəcək.

Bu analitik strategiyanın yaradılması ilə bölgədə yaşayan əhali onlayn (distant) səhiyyə və onlayn təhsil imkanlarından da yararlanacaq. Bir sözlə, smart (ağıllı) kənd layihəsi Vətən müharibəsi nəticəsində azad edilmiş torpaqlarda əhalinin qayıdışını və rahat yaşayışını təmin etməni özündə ehtiva edir”.

Analitikin sözlərinə görə, kənd və qəsəbələrdə mövcud infrastrukturu dağıdıb yenidən ağıllı sistem qurmaq dövlət üçün ikiqat xərcdir: “Nəzərə almaq lazımdır ki, köhnə kommunikasiya xətlərinin müəyyən dəyəri var ki, bundan da imtina etməli olursan. Lakin Qarabağda iqtisadiyyat, yaşayış məskənləri sıfırdan qurulacaq. Bu da sistemli və rasional şəkildə ərazilərində abadlıq, yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparılmasına imkan verir.

Müasir texnologiyanın regionda tətbiqi həyatımıza təsir etdiyi kimi, biznesin inkişafına da təkan verəcək. Bu sistemin qurulması həmin ərazilərdə həyatı rahatlaşdıracaq və biznes işini asanlaşdıracaq. Bir sözlə, həm biznesin, həm də insanların gəlirləri artacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər