2 İyun 2021 19:37
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dollar lirə qarşısında kəskin dəyər qazanıb. Bu günə olan məlumata görə, dollar 8.81 lirəyə, avro isə 10.76 lirəyə mübadilə olunub. Sürətli artımdan sonra dolların məzənnəsi 8.71 səviyyəsinə geriləyib, avro isə 10.65 səviyyəsində sabitləşib.

İqtisadçı Natiq Cəfərli Türkiyədə dolların bu həddə qalxmasının səbəbini Teleqraf.com-a şərh edib.

O bildirib ki, ötən gün Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın rəhbəri ilə görüşüb. Faizlərin kəskin aşağı salınması ilə bağlı ortaq razılığa gəlinib: “Bu o deməkdir ki, türk lirəsinə çıxış ucuzlaşacaq, uçot dərəcəsi aşağı düşəcək. Dünənki bəyanatlar dolların daha tez bahalaşmasına səbəb oldu. Amma əsas səbəb turizm bazarı ilə də bağlıdır. Çünki Türkiyə iqtisadiyyatının böyük bir hissəsi turizmdən asılıdır.

İyunun 1-dən Rusiya vətəndaşlarının Türkiyəyə gəlməsinə icazə veriləcəyi yönündə gözləntilər var idi. Amma təəssüf ki, müxtəlif səbəblərə görə rəsmi Moskva Ankara ilə sərhədlərin açılmasını iyulun 1-nə qədər ertələdi. Bu da ölkəyə daxil olacaq valyutanın həcminin azalacağından xəbər verir. Hər iki informasiya axını Türkiyədə lirənin kəskin dəyər itirməsinə səbəb olan əsas amillərdəndir”.

Ekspert hesab edir ki, türk lirəsinin dəyər qazanması üçün turizm sektoru canlanmalıdır: “Həm turizm sektorunun canlanması, həm də bir çox ölkələrlə sərhədlərin açılması Türkiyəyə gələn turistlərin sayını və onların xərclədiyi valyutanın həcmini artırır. Nəticədə ölkədə dollara olan tələbatın ödənilməsi baş verə bilər ki, bununla da qiymətlər sabitləşər.

Görünən odur ki, bu ay ərzində türk lirəsini ağır bir dövr gözləyir. Hazırda lirə tarixinin ən zəif dövrünü yaşayır. Bu günə qədər türk lirəsi bu həddə uzuclaşmamışdı. Ola bilər ki, Türkiyə Mərkəzi Bankı müəyyən intervensiyalar etsin. Bunun üçün müəyyən qədər dollar satışı həyata keçirib bazarı sakitləşdirə bilər. Amma ümumilikdə turizm mövsümü tam açılmayınca lirənin ciddi dəyər qazanma ehtimalı çox aşağıdır”.

Natiq Cəfərli prosesin Azərbaycana psixoloji təsirlərinin olduğunu da vurğulayıb: “Qonşu ölkələrdə, eləcə də ölkəmizin ticarət tərəfdaşlarında milli valyutalar dəyərdən düşdükcə Azərbaycanda da psixoloji gərginlik yaranır. Amma manatın məzənnəsi inzibati tənzimləndiyi üçün bazardan demək olar ki, asılı deyil. Neftin qiyməti də kifayət qədər komfortlu zonadadır, yəni 70 dollar civarındadır. Başqa sözlə, Azərbaycana məzənnə ilə bağlı bir təzyiq yoxdur.

Nə qədər qəribə səslənsə də, idxal olunan mallara müsbət təsirləri olmalı idi. Çünki türk lirəsi dəyərdən düşdükcə oradan idxal olunan məhsullar Azərbaycanda ucuzlaşmalı idi. Amma təəssüf ki, biz bu tendensiyanı görmürük. Əgər bu məzənnə qalıcı olarsa, Türkiyədən gələn məhsulların qiymətində müəyyən qədər ucuzlaşma müşahidə edə bilərik”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər