“Finlandiyanın Helsinki şəhərindən Hindistanın “Nava Şeva” limanına göndərilən ilk konteyner blok qatarı Azərbaycan ərazisi vasitəsi ilə Şərqə istiqamət götürüb. Bu, artıq Şimal-Cənub Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsinin istifadə olunması anlamına gəlir. Sözügedən dəhliz vasitəsilə ilk yüklər ölkəmizin ərazisindən keçməklə Hindistana daşınır. Bu isə o deməkdir ki, daha çox test qatar hərəkəti kimi xarakterizə olunan yükdaşımadan sonra Şimal-Cənub Nəqliyyat Dəhlizi daha aktiv şəkildə mütəmadi olaraq istifadə olunacaq”.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib.
Millət vəkili bildirib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə Azərbaycan ərazisindən yüklərin daşınması Vətən müharibəsindəki zəfərdən sonra regionda formalaşan yeni düzən kontekstindən daha strateji əhəmiyyət daşıyır:
“Savaşdan sonra regionda kommunikasiyaların bərpası intensiv müzakirə olunur. Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı danışıqlar sürətlənməklə bu məsələ aktuallığını daha da artırır. Belə ki, Şərq-Qərb Nəqliyyat Dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizində yükdaşımaların da həcminə təsir göstərəcək. Bu, Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcminin artırmaqla yanaşı, ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirəcək”.
Vüqar Bayramov qeyd edib ki, Şüveyş kanalında son baş verən qəzadan sonra Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyəti daha da yüksəldib:
“Nəinki region ölkələri, həmçinin inkişaf etmiş dövlətlər layihəyə regionda əsas alternativ nəqliyyat dəhlizi kimi yanaşırlar. Bu isə dəhlizin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, strateji əhəmiyyətini də yüksəldib. Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcək.
Azərbaycan həm investisiya, həm infrastruktur baxımından layihənin reallaşmasına dəstək verib. Layihənin həyata keçməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir. Beynəlxalq daşımalar ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Güman edilir ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin reallaşması beynəlxalq yükdaşımanın həcminin artmasına və qeyri-neft gəlirlərimizin artmasına imkan verəcək”.