“Türkiyə Azərbaycan strateji əməkdaşlığı dərin köklərə malik olmaqla qarşılıqlı prioritetlərin reallaşmasına imkan yaradır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə strateji əməkdaşlığa malik ölkələrdir: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 27 Sentyabr – “Anım Günü” ilə əlaqədar xalqa etdiyi müraciətində savaş zamanı bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərildiyini qeyd etdi. Prezident bildirdi ki, 44 gün ərzində bizə ən böyük dəstək verən ölkə qardaş Türkiyə olub: “Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq”.
Strateji əməkdaşlığın genişlənməsi, iki ölkə arasındakı münasibətlərin artan xətlə inkişafı yaxın gələcəkdə həm ticari dövriyyədə, həm də iqtisadi əlaqələrdə artıma səbəb olacaq. Türkiyə Azərbaycanın demək olar ki, bütün strateji meqa layihələrin iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan qardaş ölkənin ərazisi ilə reallaşdı. Eyni zamanda Cənub Qaz Dəhlizi Türkiyəyə əlavə 8 milyard kub metr mavi qazın nəqlini həyata keçirəcək. Bu, 40 milyard dollara yaxın investisiya tutumu olan bir layihə deməkdir. Bununla Azərbaycan mavi qazının Türkiyə üzərindən Avropaya çatdırılmasını təmin edəcək”.
Vüqar Bayramov Azərbaycanın hər zaman Türkiyə ilə qardaşlığa xüsusi dəyər verdiyini vurğulayıb: “Qarşıdakı illərdə ticarət dövriyyəsinin daha da artırılması, o cümlədən iqtisadi əlaqələrin genişləndirilməsi imkanları genişdir. 2023-cü ilədək Türkiyə Azərbaycan arasındakı ticarət dövriyyəsinin 3 dəfə artması və 15 milyard dollara çatdırılması hədəflənir. Strateji əməkdaşlığın genişlənməsi, iki ölkə arasındakı münasibətlərin artan xətlə inkişafı yaxın gələcəkdə həm ticari dövriyyədə, həm də iqtisadi əlaqələrdə artıma səbəb olacaq. Bu da hər iki ölkə iqtisadiyyatının qarışıqlı sərmayə qoyuluşundan faydalanmasına gətirib çıxaracaq”.