2014-cü ilin oktyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 481 min 366 ton Azərbaycan nefti nəql olunub.
Teleqraf.com ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 milyon 325 min 558 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il noyabrın 1-dək BTC-yə 259 milyon 467 min 151 ton neft vurulub.
Bundan başqa, cari ilin oktyabr ayında BTC kəməri ilə ümumilikdə 353 min 558 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.
2014-cü ilin oktyabr ayı ərzində 2 milyon 495 min 968 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 641 min 41 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 24 milyon 594 min 844 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il noyabrın 1-dək Ceyhan limanından 257 milyon 738 min 758 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.