Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam İnkişaf Bankından (İİB) Rusiyaya investisiyaların cəlb edilməsinə yardım edə bilər.
Teleqraf.com-un məlumatına görə, bunu şənbə günü ABB-nin İslam bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə Bakıda keçirilən MDB iştirakçı ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransı çərçivəsində deyib.
Onun sözlərinə görə, İİB-in Rusiyada yaşadığı yeganə problem bu ölkənin bankın üzvü olmamasıdır: "Rusiya İslam İnkişaf Bankında müşahidəçi qismində iştirak edir. Bu, bankın Rusiya bazarına investisiya yatırma və çıxış imkanlarını azaldır. Azərbaycanın İslam İnkişaf Bankının üzvü olduğunu nəzərə alaraq, Azərbaycan Beynəlxalq Bankı və Rusyadakı törəmə bankımız vasitəsilə həmin investisiyaları Rusiyaya cəlb edə bilərik".
B.Qurbanzadə vurğulayıb ki, İİB-in Azərbaycandakı portfeli 1 milyard dolları ötür: "Bu məbləğin təqribən 60 faizi iri infrastruktur layihələrinin reallaşdırılması çərçivəsində artıq mənimsənilib. Bu vəsaitlər regionların su təchizatına, yol qovşaqlarının tikintisinə, logistik qovşaqların yaradılmasına ayrılıb".