“Dünyanın ən güclü qadınları” beynəlxalq siyahısına türkiyəli alim Özlem Türeci və türk iş adamı Gülər Sabancının da adları yazılıb.
Teleqraf.com xəbər verir ki, “Forbes” jurnalının 18 ildir dərc etdiyi “Dünyanın ən güclü qadınları” siyahısına 40 baş icraçı direktor və 19 ölkə lideri daxil edilib.
Siyahıda birinci olan ad da uzun müddətdən sonra dəyişib. Siyahıda yer alan 2 türkün adı COVID-19 peyvəndini hazırlayan alim, “BioNTech”in qurucularından olan Özlem Türeci və “Sabancı Holdinq”in sədri Gülər Sabancıdır. Türeci siyahıda 48-ci, Sabancı isə 77-ci yerdə qərarlaşıb.
“Forbes” Türecinin həyat yoldaşı, alim Uğur Şahindən də bəhs edib. "Türeci Qərbi Almaniyada türk mühacir ailəsində dünyaya gəlib. Anası bioloq, atası isə cərrah idi” – deyə jurnal yazır.
Jurnal Gülər Sabancının Türkiyənin ən böyük qruplarından biri olan “Sabancı Holdinq”ə rəhbərlik edən ilk qadın olduğunu da vurğulayıb.
Siyahıda yer almağın şərtləri ilə bağlı “Forbes” jurnalı qeyd edir ki, təkcə pula və ya vəzifə sahibi olmaq kifayət deyil. Bir insan öz sərvəti, mövqeyi ilə də nəyisə edə bilər.