21 Dekabr 2021 14:39
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maaş artımının əsas səbəbi ötən ildən başlayan və bu il sürətlənən inflyasiyadır. İnflyasiya dövlət sektorunda sabit əməkhaqqı ilə çalışanların, o cümlədən müavinət, pensiya alan şəxslərin real gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb. Bu isə onların sosial rifahına mənfi təsir göstərib”.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

O bildirib ki, son 12 ayda inflyasiya 11 faizi keçib: “Bu müddətdə ərzaq qiymətlərinin inflyasiyası 15 faizdən çox olub. Bu da xüsusən aztəminatlı və sabit əməkhaqqı alan əhali qrupu üçün ciddi sosial problem yaradıb. Minimum əməkhaqqını artırması paralel olaraq dövlət sektorunda çalışan işçilərin maaşlarını, eləcə də müavinət və pensiyaları artırması baxımdan da xüsusi əhəmiyyət kəsb edir. Bu, insanların aşağı düşən real gəlirlərini nisbətən kompensasiya edir və onların sosial rifahına müsbət təsir göstərir.

Hökumət minimum əməkhaqqını artırmaqla özəl və eləcə də əmək haqları minimum əməkhaqqı ilə tənzimlənən sektorlarda da maaşların artmasını tələb edir. Özəl sektorda əmək haqlarının artmasının birbaşa yolu minimum əməkhaqqının artırılmasından keçir. Məlumdur ki, hökumət özəl sektordan orta aylıq əməkhaqqının artırılmasını tələb edə bilmir. Amma minimum standartını müəyyən etmək hökumətin öz əlindədir. Minimum əməkhaqqının artırılması özəl sektorda da maaşların artmasına imkan verir”.

Xalid Kərimli hesab edir ki, inflyasiyanın sürətlə artması özəl sektor qarşısında sosial məsuliyyət yaradır: “İnflyasiya həmçinin əmək bazarında şərtləri dəyişir. İşçi qüvvəsinin qiymətini artırmaqla özəl və digər sektorda işçilərin maaşlarının artırılmasını təşviq edir.

Bu bir faktdır ki, Azərbaycanda işçilərə verilən əməkhaqqının bir hissəsi rəsmi, bir hissəsi də qeyri-rəsmi olur. Minimum əməkhaqqının artırılması qeyri-rəsmi əmək haqlarının rəsmiləşdirilməsinə də müsbət təsir göstərir. Əmək haqlarının rəsmiləşdirilməsi də öz növbəsində əmək bazarında rəqabətə müsbət təsir göstərir. Bir sözlə, minimum əməkhaqqının artırılması bu sahədə olan problemləri bir qədər yumşaldır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər