9 Fevral 2022 14:37
2 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

“Günay Sığorta” ASC (Gunay Insurance) kimi sığorta şirkətləri vətəndaşların sığortaya olan inamını azaldır”.

Bunu Teleqraf.com-a açıqlamasında Bakı şəhər sakini Fərid Xalidov deyib.

Vətəndaş müraciətində bildirib ki, bu il yanvarın 3-də ona məxsus 99-XD-435 dövlət qeydiyyat nişanlı “Hyundai Santa Fe” markalı avtomobili “Günay Sığorta”da sığortalı olan 40-BF-221 dövlət qeydiyyat nişanlı “Qazel” markalı avtomobil tərəfindən vurulub:

“Hadisə paytaxtın “Şamaxinka” deyilən ərazisində baş verib. Qəza zamanı avtomobilimə ciddi ziyan dəyib. “Qazel”in sürücüsü “Günay Sığorta”nı hadisə baş verən ünvana çağırdı, baxış keçirildi. Bayram ərəfəsi olduğuna görə, biz sığorta şirkətinə yanvarın 5-də yaxınlaşdıq. Avtomobilə dəyən zərərin qiymətləndirilməsi üçün şirkət bizi özlərinin Babək prospektində yerləşən servis mərkəzinə yönəltdi. Maşına texniki baxış keçirildikdən sonra həmin mərkəz dəymiş zərəri 1950 manat civarında qiymətləndirdi. Təbii ki, buna etiraz etdim.

Daha sonra servis təkrar baxış zamanı maşına dəyən zərəri 2100 manat hesabladı. Onlardan 2100 manatı nəyə əsasən hesabladıqlarının əsasnaməsini tələb etdim. Hansı detalları dəyişəcəklərini və nə iş görəcəkləri ilə maraqlandım. Servisdən bizə heç bir açıqlama verilmədi, bildirdilər ki, biz sadəcə qiyməti deyə bilirik.

Təxmini avtomobilə baxıb 5000 manata yaxın zərərin dəydiyini dedim. Servis dedi ki, bunu sübut edə bilərsinizmi? Avtomobilə dəyən zərərin dəqiq həcminin hesablanması üçün “Hundai” servisə apardım. Qiymətləndirmə zamanı servis avtomobilimə dəyən zərərin məbləğinin 4850 manat olduğunu aktlaşdırdı.

Onu da qeyd edim ki, “Hundai” servisdə bu rəsmi aktın qiyməti 150 manatdır. Əgər avtomobil həmin servisdə təmir olunarsa, bu zaman 150 manat çıxılmır. Əgər təmir müddətində əlavə xərclər çıxarsa, o da 4850 manata əlavə olaraq hesablanacaq. Servisdən aldığımız aktı aparıb “Günay Sığorta”ya və onun yönləndirdiyi servis mərkəzinə təqdim etdik, amma onlar bu rəsmi akta məhəl qoymadılar. Bir sözlə, süründürməçiliyə başladılar”.

Fərid Xalidov deyir ki, “Günay Sığorta”nın ədalətsiz qiymətləndirməsindən Mərkəzi Banka dəfələrlə şikayət edib: “Mərkəzi Bank adıçəkilən sığorta şirkətinə müştərinin şikayətinin operativ təmin olunması barədə göstəriş verib. Amma fakt odur ki, "Günay Sığorta” Mərkəzi Bankın tövsiyə və tapşırıqlarına məhəl qoymur. Ölkədə qanun-qayda var və biz vətəndaş olaraq onlara riayət ediriksə, bəs sığorta şirkəti niyə qanuna əməl etmir? Onların bu arxayınlığının səbəbi nədir? Mən onlardan pul tələb etmirəm, sadəcə deyirəm ki, 2100 manatı götürüb avtomobilimi əvvəlki vəziyyətdə təmir edib qaytarsınlar. Amma sığorta şirkəti bununla razılaşmır”.

Fərid Xalidov “Günay Sığorta”nın ədalətsiz qiymətləndirməsi ucbatından xərclərinin kifayət qədər artdığını da vurğulayıb: “Gündəlik işə gedirəm, yəni tək işim “Günay Sığorta”ya gedib-gəlmək deyil. Hadisə baş verən gündən yanvarın 25-nə qədər azı 7-8 dəfə “Günay Sığorta”nın qapısına ayaq döymüşəm. Artıq çıxış yolunu vəkil tutub hüquqlarımı məhkəmədə müdafiə etməkdə görmüşəm. Yanvarın 25-dən bu günə kimi də 7-8 dəfə də vəkilim Ruslan Muxtarov sığorta şirkətinə gedib. Amma buna baxmayaraq onlar heç nəyə baxmırlar, qanunlardan da qorxmurlar.

Hadisədən bir aydan artıq vaxt keçib, maşın qəzalı vəziyyətdə həyətdə qalıb. Hər gün işimlə əlaqəli taksilərə kifayət qədər xərcim çıxır. Üstəlik ötən gün polis 20 Yanvar tərəfdə taksini saxladıb maskadan istifadə etmədiyimə görə 200 manat cərimə yazıb. Maşınım olsaydı, mənim taksidə nə işim var idi ki, cərimə də yazıla?! Hara tərpənirəmsə, sığorta şirkətinin mənə vurduğu zərərlə qarşılaşıram”.

Şikayətçinin sözlərinə görə, vəkili məhkəməyə müraciət etməyib: “Sığorta şirkəti sonradan ortaya bir müstəqil ekspert rəyi məsələsi çıxarıb. Maraqlandım ki, müstəqil dedikləri ekspert əslində “müstəqil”dir. Son nəticədə bu müstəqil eksperti də sığorta şirkəti özü seçirmiş. Bir növ şablon bir prosedurdur. Müstəqil ekspertlərin reyestrinə nəzarət edən Mərkəzi Bankda toplanan qiymətləndiricilər sığorta şirkətinin hesabladığı 2100 manat zərəri aşağı-yuxarı 2200-2300 manat civarında qiymətləndirir. Biz də bildirdik ki, müstəqil ekspert sizin təklif etdiyiniz yox, kənardan olsun. Sığorta şirkəti də buna razılıq vermir, ancaq 4 müstəqil ekspertin adını çəkir. Biz də bununla razılaşmırıq”.

Zərərçəkmiş Fərid Xalidovun vəkili Ruslan Muxtarov yanvarın 25-dən sonrakı prosesləri Teleqraf.com-a bölüşüb. Vəkil əvvəlcə “Günay Sığorta”ya gedib-gəlməkdən şikayətlənib: “Nədənsə bu sığorta şirkətinin telefonlara cavab vermək imkanları məhduddur. Bəzi məsələlər var ki, onu sadəcə telefonla da soruşmaq olar, yəni getməyə lüzum yoxdur. Qaynar xəttlərinə belə cavab verən yoxdur. Hətta şirkətin korporativ vatsap nömrəsinə yazılan mesajlara belə baxmırlar.

Uzun sürən cəhdlərdən sonra deyilir ki, sorğunuz qəbul olundu, aidiyyəti şöbə sizinlə əlaqə saxlayacaq. Günlər keçir, amma heç kim əlaqə saxlamır. Məcbur olub ofislərinə gedirəm. Sual verirəm ki, telefonlara niyə cavab verilmir. Cavabları belə olur: “Pandemiyadır, işçi sayını azaltmışıq, müraciət edən vətəndaş çoxdur, çatdırmırıq” və sair bu kimi müxtəlif bahənələr... Ofislərinə gedən kimi də qəbul etmirlər.

Qapıda onlarla şikayətçi dayanır, növbə gözləməli olursan. Şikayətçilərin əksəriyyəti də qiymətləndirmədən narazı qaldıqları üçün aylardır sığorta şirkətinə gəlib-getdiklərini deyirlər. Bu qədər vətəndaşı incitmək olmaz”.

Ruslan Muxtarov sözügedən hadisədə problemin kökündə ədalətsiz qiymətləndirmənin dayandığını təsdiq edib: “Şirkət dəyən zərərə elə bir qiymət qoyub ki, o məbləğə maşını təmir etdirmək mümkün deyil. Biz şikayət ərizəmizi məhkəməyə təqdim etməkdə maraqlı deyilik. Sadəcə sığorta şirkəti uzlaşmaq istəmir, nəyəsə çox arxayındırlar. Şirkət bu cür addımı ilə sadəcə özlərini gözdən salır, etibarlarını itirmiş olurlar. Bir vətəndaş olaraq sabah nə maşınımı, nə də evimi “Günay Sığorta”da sığorta etdirmərəm, heç kimə də məsləhət görmərəm. Sığorta hadisəsi baş verən zaman çox ədalətsiz qiymətləndirmə edirlər”.

Vəkil hazırda müstəqil ekspertlərin reyestrinə Mərkəzi Bankın nəzarət etdiyini bildirib:

“Qiymətləndirmə ilə bağlı sığorta şirkətlərinin özünün işlədiyi ekspertlər var. Seçim olanda şirkətlər qiymətləndirmə üçün işi həmin ekspertlərə verirlər. Bu zaman da problemlər yaşanır. Sığorta şirkəti qarşılıqlı razılıq əsasında dörd seçim imkanı verir. Biz də sığorta şirkətinin tələbi ilə bu seçimi edib onlara təqdim edirik. Sonra həmin dörd nəfərin içərisindən bir nəfəri seçib deyir ki, get onu gətir, pulunu da öz cibindən ödə. Nəticədə yenə sığorta şirkətinin diktəsi ilə avtomobilə dəyən zərəri qiymətləndirəcək eksperti seçirsən. Əgər qarşılıqlı razılıq əsasında müstəqil ekspert seçiriksə və sonda sığorta şirkətinin seçimi əsasında bir nəfəri çağırırıqsa, o zaman onun pulunu niyə zərərçəkən ödəməlidir?

Əgər qarşılıqlı razılıq varsa, heç olmasa bu zaman müstəqil ekspertin xərcinin 50 faizini sığorta şirkəti, 50 faizini də zərərçəkən ödəsin. Aydın məsələdir ki, sığorta şirkətinin həmin müstəqil ekspertlərlə müqaviləsi var. Nəticədə məcbur olub işi məhkəmə müstəvisinə çıxarırsan. Sonra da deyirlər ki, vətəndaşların sığortaya inamı, marağı yoxdur. Əgər vətəndaş icbari sığortadan faydalana bilmirsə, o zaman könüllü sığortaya niyə müraciət etsin?

Hazırda “Günay Sığorta” avtomobili öz servisində təmir etdirməyə müsbət yanaşmır. Ancaq ucuz ehtiyat hissələri ilə işləyən servislərə yönəldir. Ona görə də bu ucuz servislər avtomobilə dəyən zərəri 1950 manat hesablayıb. Halbuki maşının düzəlməsi üçün 4850 manat ödənişin tələb olunduğunu “Hundai” servisin rəsmi aktında təsdiq olunub. “Günay Sığorta” isə bu rəqəmlə uzlaşmaq istəmir”.

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər