“Məlumat var ki, insanlara dövlət özəlləşdirmə paylarını (çeklərini) satırlar. Hətta qiymət də səsləndirilir - 500 manat. Halbuki sözügedən çeklər artıq 11 ildən çoxdur dövriyyədən çıxarılıb. Onların heç bir qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması haqqında” Prezidentin 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanı ilə həmin çeklərin dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə müddəti əvvəlcə 2008-ci ilədək, sonra 2010-cu ilədək, yekunda isə 2011-ci ilədək (yanvarın 1-dək) müəyyən edilmişdi”.
Teleqraf.com xəbər verir ki, bunu hüquqşünas, bank məsələləri üzrə kspert Əkrəm Həsənov deyib.
Maraqlıdır, heç bir dəyəri olmayan çekləri əhaliyə kim və niyə satır?
Vəkil bildirib ki, lazımsız kağız parçasını satıb pul qazanırlar: “Artıq xeyli müddətdir ki, sosial şəbəkələrdə kimlərsə bu çeklərin dövriyyəyə qaytarılması tələbi ilə çıxış edir, məsələni ictimailəşdirməyə çalışırlar. Mənə də dəfələrlə müraciət ediblər, mövqeyim dəyişməzdir.
Hüquqi müəyyənlik prinsipi baxımından bu çeklərin istifadə müddətinin növbəti dəfə, özü də 11 ildən sonra uzadılması çox pis presedent yaradar. İnsanlara arzuolunmaz mesaj veriləcək: qanunlar boş şeydir, istənilən müddəti bərpa etmək, oyun qaydalarını dəyişmək olar. Bu da gələcəkdə vicdanlı işgüzar şəxslərin iqtisadi aktivliyinə mane olacaq. Daim ehtiyat edəcəklər ki, qanunu, müddəti və sair dəyişə bilərlər.
Bəli, bilirəm, ölkədə özəlləşdirmə ədalətsiz aparılıb. Hətta çeklərindən istifadə etmiş vətəndaşlara da hansısa dövlət müəssisəsində cüzi pay verilib. Həmin müəssisələrdə payın əksər hissəsinə müəyyən şəxslər sahib olub istədiklərini edirlər. Cüzi pay sahiblərinə heç bir dividend ödəmirlər. Dövlət bu sahəyə diqqət yetirməli və sonuncuların hüquqlarını müdafiə etməlidir. Amma hər bir halda özəlləşdirmənin nəticələrini qəbul etmək lazımdır. Mülkiyyət hüququ toxunulmazdır. Əks halda, biz heç vaxt normal iqtisadiyyat qura bilməyəcəyik. Bütün ölkələrdə ilkin iri kapital ədalətsiz yollarla əldə edilib. Bizdə də bu, belə olub”.
Bəs çeklərindən istifadə etməyənlərin arqumenti nədir? Dövlət dəfələrlə müddəti uzadıb, niyə onlar çeklərdən istifadə etməyiblər?
Əkrəm Həsənovun sözlərinə görə, şayiə çıxarıblar ki, guya Prezidentin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”nin 5-ci bəndinə görə çeklərin istifadə müddəti qeyri-məhduddur: “Əslində isə həmin bənddə deyilir: “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır”. Yəni qüvvədə (tədiyyə vasitəsi) olan çek qəbul edilməlidir (mütləq pulun ödənilməsi tələb oluna bilməz və s.). Məsələ də ondadır ki, onlar artıq qüvvədə deyil.
Əslində, aydın məsələdir ki, istifadə edilməyən çeklərin mütləq əksəriyyəti sadə vətəndaşların (onların dərdinə şərikəm, amma qanun qanundur) deyil, möhtəkirlərin əlində cəmləşib. Deməli, suyu bulandıran da əsasən onlardır. Neçə vaxtdır ki, çeklərin istifadə müddətinin uzadılmasına çalışırlar. Sadə insanlardan da istifadə edilər. İndi isə başa düşüblər ki, böyük ehtimalla müddət uzadılmayacaq, ona görə də çekləri satmağa başlayıblar. Çek belə dəyərlidirsə, niyə satırlar?
Bir sözlə, bu oyuna getməyin, çekləri almayın! Satanlar barədə hüquq-mühafizə orqanlarına məlumat verin. Bu dələduqzluqdur. Bəli, istisna deyil ki, dövlət hər şeyə rəğmən çeklərin istifadə müddətini uzada bilər. Amma ona qədər həmin çeklər adi kağız parçasıdır. Kağız parçasına görə real pulunuzu verməyin”.