Fevralın 24-də paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalardan biri çökdü.
Hadisə baş verən andan şirkətin mövqeyini almaq istəsək də, “Kristal Abşeron” MTK susqunluq nümayiş etdirdi.
“Kristal Abşeron” ilkin açıqlamasında yaralı və ölənin olmadığı bildirsə də, Baş Prokurorluq 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını açıqladı. Şirkətin digər açıqlamasında bildirilir ki, tikilməkdə olan texniki binanın konstruksiyasında dəyişiklik olduğundan tikilinin ikinci mərtəbəsi şirkət tərəfindən sökülərək uçurdulub. Nəticədə iki nəfər yüngül xəsarət alıb.
Məlumat üçün bildirək ki, “Kristal Abşeron” MTK tərəfindən təxminən 21 hektar ərazidə tikilən "CityGarden" Bakıda inşasına başlanılan ən böyük layihələrdən biridir.
Bu hadisə tikintidə təhlükəsizlik, keyfiyyətsiz materiallardan istifadə kimi məsələləri bir daha aktuallaşdırdı. Azərbaycanın Mənzil Tikinti Kooperativləri (MTK) inşa etdikləri binaların maya dəyərini mümkün qədər aşağı salmaq üçün müxtəlif fəndlərə əl atırlar. MTK-lar daha çox pul qazanmaq naminə tikintidə standarta uyğun olmayan materiallardan istifadə edir. Binanın təməlinə düşən yük artdıqca bəzən tikili başa çatmamış, bəzən də yaşayış olan zaman fəsadlar üzə çıxır.
Ekspertlər bildirir ki, tikintinin maya dəyərinin aşağı salınması və marjanın yüksəldilməsi üçün istifadə edilən fəndlərdən biri standartlara cavab verən armaturlardan istifadə əvəzinə, heç bir texnoloji normalara əməl edilmədən istehsal olunan keyfiyyətsiz və ucuz armaturlardan istifadədir.
Əməyin mühafizəsi üzrə ekspert Samir Nəbiyev Teleqraf.com-a bildirib ki, sözügedən binanın çökməsində müxtəlif səbəblər ola bilər.
O, araşdırmanın nəticəsinin bəlli olmadığına diqqət çəkib: “Belə böyük həcmdə bir tikilinin uçmasına araşdırmasız fikir bildirmək absurd olar. Amma ilkin təxminlər və mülahizələr irəli sürmək olar.
Binanın şirkət tərəfindən sökülərək uçurulmasını qiymətləndirsək, bunun iki səbəbdən baş verdiyini demək olar. Birinci, torpaq qatı həmin ağırlıqda və ölçüdə bina üçün nəzərdə tutlmayıb. Hər hansı bina və ya tikili inşa olmadan öncə torpaq qatından süxur götürülüb analiz olunur. Çıxan cavab A, B və yaxud da S kateqoriyasına uyğun olaraq torpaqda hansı işlər gedəcəksə, o kateqoriyaya uyğun həyata keçirilməlidir.
Çökmə binanın fundamentində yox, məhz dirəklərinin dağılması nəticəsində baş verirsə, bu, ucuz və keyfiyyətsiz materiallardan istifadədən xəbər verir. Sovet dönəmində hər bir müəssisədə texniki nəzarət edən qurum və yaxud şöbələr var idi. Hazırda bir çox müəssisələrdə bu nəzarət mexanizmini keyfiyyətə nəzarət və ya keyfiyyətin təminatı şöbəsi yerinə yetirir.
Əgər o müəssisədə ixtisaslaşmış işçi heyəti varsa, onlar A-dan Z-yə gələn materialın keyfiyyətini və standarta uyğunluğunu, həmçinin bəzi material və detalların uyğunluq sertifikatını yoxlayır. Bundan sonra tikintinin icrasına yol verilir. Bu məsələlər müəssisənin daxilində baş verən proseslərdir. Təəssüflə qeyd etmək istəyirəm ki, bu proseslər varsa da, yoxsa da buna hər hansı dövlət qurumu nəzarət etmir.
Keyfiyyətin yoxlanışı zamanı qurumamış betondan bir neçə nümunə götürülür və Fövqəladə Hallar Nazirliyinin sınaq testini edən hər hansı bir departamenti tərəfindən yoxlanılır. Bu proses 21 gün və ya bir ay müddətində davam edir. Bu zaman götürülmüş beton nümunələr sındırılaraq dözümlülüyü yoxlanılır ki, hansı kateqoriyaya uyğun olduğu bilinsin”.
Müsahibimiz qeyd edib ki, çox vaxt tikinti təhlükəsizliyinə dair normalar kobudcasına pozulur: “Tikintidə standartlara cavab verməyən, keyfiyyətsiz armaturlardan istifadə edərək çoxmərtəbəli binaların inşasını həyata keçirirlər. Məlumdur ki, mərtəbələr arası armatur kəmərlər atılır. Adətən binanın təməlində və mənzillər arası əsas divarlarda 32-lik armaturlardan istifadə olunur, bəlkə burada 22-liklə əvəz ediblər. Bu, daha ucuz başa gəlir.
Bəlkə də onlar riskə gedib keyfiyyətsiz yox, standarta və tələbə uyğun olmayan materialdan istifadə ediblər. Tutaq ki, sütunu saxlayan 32-lik və yaxud da 64-lük armatur əvəzinə, onlar daha ucuz variantı hesablayıb material seçiblər. Yaxud tavanı saxlayan sütunlar 5 olmalıdır, amma onlar bunu 4-lə əvəz edirlər, nəticədə uçma baş verir.
Bəzən lazımi ölçüdə armatur alıns da, tikinti zamanı digər ölçülü armaturlardan istifadə edirlər ki, bunu da heç kim görə bilməz. Betonu saxlayan əsas element armaturdur, hansı ki beton artamturun üzərində olur. Təəssüf ki, Azərbaycada betonun keyfiyyətini yoxlayan bir dövlət qurumu var. Başqa sözlə, inşaatın bu hissəsinə nəzarət edən digər orqan yoxdur”.
Ekspert deyir ki, standartlara cavab verməyən, dayanıqlığı, elastikliyi və tərkibi normalara uyğun olmayan armaturlar betonun daxilində daha sürətlə korroziyaya uğrayır: “Məlum çöküntüdə bir neçə səbəb araşdırılmalıdır. Əvvəlcə torpaq qatının nümunəsi götürülübmü, daha sonra keyfiyyətli materiallardan istifadə olunubmu... Yəni bu hallar yerinə yetirilməzsə, nəticəsi bu cür olacaq.
Əgər MTK-ya binanı uçurmağa özü qərar vermişdisə, burada təhlükəsizlik və əlavə nəzarət tədbirlərini həyata keçirməklə ən azı yaralanmanın və xəsarətin qarşısını ala bilərdilər. Deməli, burada sadaladığımız birinci məsələ üstünlük təşkil edir, nəinki ikinci. Əgər bu binada yaşayış olsaydı, çöküntünün ağır nəticələri ola bilərdi. Bəzən tikintindən məlumatlı olan adamlar hər hansı yeni binadan mənzil almaq istəyəndə fundamentin tökülməsindən, armatur karkasların toxunmasına qədər proseslərə öncədən gedib baxırlar. Diqqətli şəxslər bunu həyata keçirir”.
Samir Nəbiyevin müşahidələrinə əsasən, pandemiyadan sonra Azərbaycanda tikinti bumu böyük vüsət alıb: “İşğaldan azad edilmiş ərazilərdə kompleks quruculuq və tikinti işləri aparılır. Keçən il metalın qiymətində sıçrayışlar oldu. Bir müddət 3500 manata qədər artm müşahidə edilən metal qiymətləri daha sonra 2500-1700 manat arasında dəyişirdi. Hətta fərdi ev tikənlər, MTK-lar qiymətləndirməni necə edəcəklərini bilmirdilər.
Pandemiyadan əvvəlki dövrə nisbətən hazırda tikinti materiallarının qiyməti daha çox artıb. Sahibkarlar və eləcə də MTK-lar düzgün olmayan yanaşmadan istifadə edərək tikintidə daha ucuz və standartlara cavab verməyən materiallar istifadə edirlər. Bəzən də keyfiyyətli armaturdan istifadə edir, amma ölçüdə düzgün seçim etmirlər. Ölçü fərqinə görə armaturun qiyməti də dəyişir. Mənzil satışına gəldikdə, MTK-a qiyməti aşağı salmır, yaxud standart bazar qiymətini saxlayır, amma materialların ucuz alır”.