10 Mart 2022 09:14
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkələri Rusiyanın Ukraynanı işğal etməsinə iqtisadi müharibə ilə cavab verir. Enerji, qida və dərman üçün beynəlxalq ödənişlər istisna olmaqla, Rusiya bankları SWIFT sistemindən çıxarılıb. Rusiya Mərkəzi Bankının xaricdəki aktivlərinə giriş dondurulub. Bir çox sektordan olan qlobal şirkətlər bir-birinin ardınca Rusiyadan çəkildiklərini elan edirlər. Rublda rekord ucuzlaşma 40 faizə yaxınlaşır. Rusiyanın nəhəng şirkət və banklarının səhmləri 5 sentə düşüb.

Proseslərdən enerji bazarları da narahatdır. Hazırda dünya bazarlarında Brent markalı neftin bir bareli 137.64 sentə təklif olunur. Ötən həftə ərzində Avropa bazarlarında təbii qazın min kubmetrinin qiyməti 3 900 dollara qədər bahalaşdı.

Bir sözlə, işğalın və sanksiyaların təsirini tək iki dövlət yox, dünya da dərindən hiss edir.

Ekspertlər deyir ki, proseslərin Rusiya ilə sıx iqtisadi əlaqələri olan Azərbaycana da birbaşa və dolayı təsirləri var.

İqtisadçı Natiq Cəfərli Rusiyanın mövcud iqtisadi mənzərəsini Teleqraf.com-a şərh edib.

O bildirib ki, Rusiyaya tətbiq olunan sanksiyaların artıq ağır nəticələri var və bundan sonra da olacaq: “Demək olar ki, Rusiyada çalışmaq istəyən şirkət qalmadı. Hazırda mindən çox şirkət ölkə bazarını tərk edib, bu da ölkə iqtisadiyyatına sanksiyalar qədər ciddi təsir edən bir amildir. İlkin hesablamalara görə, Rusiyadan gedən, bu ölkədə fəaliyyətini dayandaran şirkətlərdə 4,5 milyon Rusiya vətəndaşı çalışırdı. Amma həmin şirkətlərlə subkontrakt və digər müqavilələrlə çalışan rusiyalılar da var – toplamda 11-12 milyon nəfər işsiz, gəlirsiz qala bilər.

Daha bir məsələ odur ki, 5 milyona yaxın Rusiya vətəndaşı daşınmaz əmlakın biznes seqmentində icarələrdən pul qazanırdı. İndi isə böyük alış-veriş mərkəzləri, dükanlar, ofislər boş qalacaq, bunun da təsiri olacaq. Digər tərəfdən 15 milyondan çox rusiyalı müxtəlif şəhərlərdə öz mənzil və evlərini xarici vətəndaşlara icarə verməklə qazanc əldə edirdilər. Xaricilərin getməsi, yaxın ətraf ölkələrdən Rusiyada yaşayıb pul qazanan miqrantların öz ölkələrinə dönməsi riski onların da gəlirsiz qalmasına səbəb olacaq. Yəni, birbaşa və dolayısı ilə 30-35 milyon Rusiya vətəndaşının gəlirlərinin kəskin azalması gözlənilir”.

Ekspert ölkənin bank sektorunda ciddi problemlərin olduğunu və rublun dəyərdən düşməsinin çox sürətləndiyini də qeyd edib: “Hətta iş o yerə çatdı ki, Rusiyanın Mərkəzi Bankı vətəndaşların banklarda xarici valyutada olan vəsaitlərinin, o cümlədən əmanətlərinin verilməsinin yeni qaydasını təsdiq etdi. Belə ki, 9 mart –9 sentyabr tarixlərini əhatə edəcək yeni qaydalara əsasən, müştəri hesabından nağd qaydada ən çoxu 10 min ABŞ dolları çıxara bilər. Vəsaitin qalan hissəsini konkret tarixə bazar məzənnəsi ilə rublda çıxarmalıdır. Yəni rus vətəndaşları valyutadəyişmə məntəqələrindən dollar ala bilməyəcəklər. Bu isə “qara bazarın” yaranmasına səbəb olacaq.

Digər tərəfdən Rusiyada mal-məhsul qıtlığı da yaranır, piştaxtalar boş qalır. Bu isə SSRİ dövründə olan kimi “alverçilərin” piştaxta altından satışların yaranmasına səbəb olacaq, bir müddət sonra isə Rusiyada ərzaq talonları da dövriyyəyə buraxıla bilər”.

İqtisadçı deyir ki, proseslərin dünya iqtisadiyyatına da əks təsirləri var: “Dünyada enerji qiymətlərinin artması inflyasiyanı sürətləndirir. Nəticə etibarilə bu inflyasiya Avropa və Amerika vətəndaşlarının cibinə də təsir göstərəcək. İtkilərin həcminə baxanda Rusiya daha çox itirir. Sanksiyaların sərtliyinin nə vaxta qədər davam etməsindən asılı olaraq itkilərin həcmi dəyişəcək. Rusiyaya martın 15-i və 28-i növbəti sərt sanksiya paketləri gözlənilir. Əgər sanksiyalar heç bir güzəşt olmadan bu templə qəbul olunarsa, Rusiya iqtisadiyyatı getdikcə daha çox daralacaq. Çox qısa zamanda Rusiyada yüz minlərlə insan iş yerini itirib”.

Analitikin sözlərinə görə, dünya bazarlarındakı konyunkturanın Azərbaycana xeyri var: “Təbii qaz və neft qiymətləri nə qədər yüksək olacaqsa, bir o qədər çox gəlir götürəcəyik. İlkin hesablamalara görə, Azərbaycan bu il neftdən nəzərdə tutulduğundan 6-7 milyard dollar daha çox gəlir götürəcək. Nəzərdə tutulmuş gəlir təqribən 6.5 milyard dollar idisə, əgər bu qiymətlər qalarsa, tək neftdən 12-13, hətta 14 milyard dollar pulun gəlməsi gözlənilir. Təbii qazdan da gələn gəlirlərin artması gözlənilir. Bu mənada enerji qiymətlərinin artması Azərbaycanın xeyrinədir.

Rusiya Azərbaycanın böyük ticarət tərəfdaşlarından biri olduğu üçün bu ölkə ilə ticarətdə müəyyən əngəllər yaran bilər. Belə ki, Rusiya mallarının Azərbaycana gətirilməsi və onun pulunun ödənilməsində müəyyən problemlər yarana bilər. Tikinti materialları, 700 min tondan çox taxıl və digər xammallar Azərbaycana Rusiyadan idxal olunurdu. Bu mənada Rusiyadan Azərbaycana daxil olan malların həcmi azala, qiymətləri isə kəskin arta bilər ki, bu da inflyasiyanı sürətləndirən faktordur”.

Natiq Cəfərlinin qənaətincə, Azərbaycan alternativ kənd təsərrüfatı məhsulları bazarının axtarışında gecikib: “Çox təəssüf ki, kənd təsərrüfatı məhsullarının ixracatında Rusiyadan asılılığımız var. Kənd təsərrüfatı məhsullarının təqribən üçdə ikisindən çoxunu Rusiyaya ixrac edirik. Bu, çox ciddi problemdir. Söhbət sərhədlərin açıq və ya qapalı olmasından da getmir. Bəli, Azərbaycan sanksiyalara qoşulmur, düşünürəm ki, bu, doğru addımdır. Söhbət ondan gedir ki, azərbaycanlı iş adamları Rusiyada mal satanda rublu valyutaya çevirib ölkəyə gətirməlidir. Rusiyada da valyutaya çıxış imkanları, eləcə də bank köçürmələri məhdudlaşıb.

Gəlirlər azaldıqca Rusiya əhalisinin alıcılıq qabiliyyəti də aşağı düşəcək. Son bir ayda rublun məzənnəsi iki dəfəyə yaxın dəyərdən düşüb. Bu o deməkdir ki, azərbaycanlı fermerlər və iş adamları Rusiyada kənd təsərrüfatı məhsullarının qiymətini artırmaq məcburiyyətində qalacaq. Bu qiymətlərə alıcı tapacaqmı? Bu da düşündürücü sualdır. Ötən il 1 kiloqram pomidorun qiyməti ortalama 1 dollar 20 sent civarında idi. İndi 1 dollar 20 sent 200 rubldan çoxdur. Rusiya bazarında 1 kiloqram pomidoru 200 rubla sata biləcəyikmi? Hansı ki, bir neçə ay əvvəl 60-80 rubl olub. Bu mənada proseslərin Azərbaycana mütləq təsirləri olacaq”.


Müəllif: Yeganə Oqtayqızı