29 Mart 2022 13:21
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın işğalına baxmayaraq, yazda buğda məhsulu lazımi həddən yuxarı qalxarsa, Ukrayna gələn ay ixrac məhdudiyyətlərini yumşalda biləcək”.

Teleqraf.com-un məlumatına görə, bunu Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka açıqlayıb.

O bildirib ki, bu il ərzaq təhlükəsizliyi təmin olunarsa, Nazirlər Kabineti buğdanın xaricə ixracı üçün lisenziya tələbinin ləğvini müzakirə edə bilər: "Ümid edirik ki, buğda üçün ixrac icazəsi alacağıq. Məhsul yığımı başlayıb və biz səbirsizliklə nəticələri gözləyirik. Builki məhsul proqnozunun və mövcud ehtiyatlarımızın necə olacağını görəndən sonra tarazlı bir qərar verəcəyik”.

“Əkin sahələri 30-50 faiz kiçilib”

Kaçkanın sözlərinə görə, fermerlər hər an artilleriya atəşi və müharibə riski altında işləmək məcburiyyətində qaldığı bir vaxtda yaz əkin işlərini görməyə çalışırlar: “Kənd Təsərrüfatı Nazirliyi əkin sahələrinin əvvəlki ilə nisbətən 30-50 faiz azaldığını proqnozlaşdırır. Digər bir problem isə ixracın böyük hissəsi üçün istifadə edilən cənub limanları blokadada olduğu üçün taxıl və kətan kimi məhsulların necə daşınmasıdır. Hətta bu şərtlər altında yük göndərənlər martın əvvəlindən 1 milyon ton qarğıdalı və 300 min ton buğda ixrac edə biliblər”.

Qeyd edək ki, mart ayında hökumət buğda, qarğıdalı, günəbaxan yağı, un və yumurta kimi ölkənin əsas kənd təsərrüfatı məhsullarının ixracını məhdudlaşdırmaq üçün lisenziyalaşdırma tətbiq etmişdi. Lakin ölkədə ehtiyatların yüksək səviyyəyə çatması və fermerlərin fəaliyyətini davam etdirməsi üçün valyutaya ehtiyac yarandığı üçün ötən həftə qarğıdalı və günəbaxan yağının ixracına qoyulan məhdudiyyətlər aradan qaldırıldı.


Müəllif: Yeganə Oqtayqızı