“Bu gün Avropa İttifaqı Rusiyaya qarşı 6-cı sanksiyalar paketini müzakirə edəcək. Gündəlikdə olan əsas məsələlərdən biri Rusiya neftinin idxalına qadağanın tətbiqi ilə bağlıdır. Bunun qitə üçün neqativ iqtisadi nəticələrə səbəb ola biləcəyinə baxmayaraq və bu məsələdə ümumi razılıq olmasa da Brüssel tədricən Rusiyanın enerji asılılığını tam aradan qaldırmaqda israrlı görünür”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun qənaətincə, Mərkəzi və Şərqi Avropa ölkələri, xüsusən Macarıstan, Qərbdən isə Almaniya Rusiya ilə enerji əməkdaşlığını davam etdirməkdə maraqlı dövlətlərdir: “Aydındır ki, neft idxalının 25 faizini təşkil edən Rusiyadan asılılığı qısa zamanda tam aradan qaldırmaq Avropa İttifaqı üçün hətta texniki baxımdan da asan addım deyil. Bununla yanaşı, Avropanın siyası paytaxtında məsələlərə yalnız texniki və iqtisadi tərəfdən deyil, daha çox təhlükəsizlik aspektindən yanaşırlar.
Neft embarqosu reallaşarsa, bu, Rusiyanın valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacaq. Belə ki, xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini təşkil edir və bu məhsulların da 70 faizi ABŞ və Avropa bazarlarına ixrac olunurdu. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollar olub”.
Analitik hesab edir ki, Avropa Rusiya neftindən imtina edəcəyi halda rubla təzyiqlər yenidən arta bilər: “Hazırda daha çox daxili qaydalar hesabına milli valyutanın məzənnəsini stabilləşdirən Rusiya Mərkəzi Bankı Qərbin sanksiyaları enerji sektorunu əhatə edəcəyi halda daha məhdud strateji alətlərə malik olacaq. Digər tərəfdən, əsas valyuta ehtiyatları dondurulmuş Rusiya üçün xüsusən yay aylarında dollara artan tələbi tam qarşılamaq heç də asan olmayacaq”.
Vüqar Bayramov onu da qeyd edib ki, Avropada Rusiya neftinin ən böyük alıcısı Almaniyadır:
“Berlin neft üçün Moskvaya ildə 23.6 milyard dollar ödəyirdi. Rusiya neftinə görə hər il Polşa 14.7 milyard, Niderland isə 11.4 milyard dollarından keçirdi. Finlandiya, Belçika və Böyük Britaniya isə ayrı-ayrılıqda ildə Rusiyaya neft idxalına görə 7 milyard dollara yaxın valyuta ödəyirdi. Deməli, embarqo qərarı Rusiya üçün ən azı 100 milyard dollaradan artıq ziyana başa gələcək. Mövcud qiymətlərlə bu daha böyük rəqəmlə ifadə olunur. Aydındır ki, infrastruktur və eləcə də sanksiyaların sərtliyi baxımdan Rusiyanın qısa və orta müddətdə alternativ bazarlar tapması real deyil.
Rusiya yeni və daha sərt sanksiyalar astanasındadır. Qarşılıqlı sanksiyalar qısa müddətli dövrdə Avropa üçün mənfi iqtisadi təsirlərə malik olsa da, Rusiya üçün strateji çətinliklər yaradacağı gözləniləndir. Moskva isə hələlik sanskiyalarla “yaşamağa” alışmağa çalışır. Bu, heç də asan hədəf deyil”.