“Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmaq əzmindədir. Avropanın enerji xəritəsində Azərbaycanın artan rolu və potensialı bunu deməyə imkan verir”.
Bunu fikirləri Teleqraf.com-a Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban deyib.
Analitik qeyd edib ki, Prezident İlham Əliyevin İtaliyaya səfəri təkcə iki ölkə arasında inkişaf edən siyasi-iqtisadi əlaqələri əhatə etmir: “Səfər zamanı Prezident əsasən Qərblə Rusiya arasında yaşanan münasibətlər fonunda yaranmış enerji böhranından çıxış yolları barədə çağırışlar da etdi.
Bu həllər təklifində başlıca yerdə olan Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsi idi. Prezidenti açıq şəkildə Avropa auditoriyasına çatdırdı ki, TAP-ın ixrac gücünün iki dəfə artırılması ilə bağlı Azərbaycanın resurs qıtlığı yoxdur. Çünki ölkəmizin təsdiqlənmiş qaz ehtiyatları 2.6 trilyon kubmetrdir. Prezident Azərbaycanın bu kəmərdə payının 20 faiz olduğunu da vurğuladı.
Söhbət Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) TAP səhmdarları arasında olan payından gedir. Prezident bildirdi ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Ancaq məsələnin praktik həlli üçün yerdə qalan səhmdarların da bu məsələyə müsbət cavabı lazımdır. Bu cavab məsələnin kommersiya həllini tapması üçün lazımdır. Yəni ora kapital qoyulsun, hərtərəfli mənada dəstək verilsin”.
İlham Şaban səfər zamanı Prezidentin maraqlı rəqəmlər səsləndirməsinə də diqqət çəkib: “Azərbaycan indiyə qədər Avropanın üç ölkəsinə 13,5 milyard kubmetr qaz ixrac edib. Bu qaz həcminin 11.7 milyard kubmetri və yaxud da 87 faizə qədəri İtaliyanın ehtiyaclarının ödənməsinə sərf olunub. Prezident daha bir proqnozunu açıqladı ki, cari ildə İtaliyaya 10 milyard kubmetr qazın ixracı planlaşdırılır.
Qeyd edim ki, 2013-cü ildə “Şahdəniz” konsorsiumu ilə Avropada Azərbaycan qazının alıcıları arasında imzalanan alqı-satqı müqaviləsinə görə, İtaliyadan olan alıcılar ölkəmizdən ildə 8 milyard kubmetr qaz idxal etməli idilər. Bu, Azərbaycanın öhdəliyi idi. Ölkəmiz ötən il İtaliyaya 6,8 milyard kubmetr qaz göndərmişdi. Azərbaycanın mövcud artımı İtaliyanın ümumi enerji böhranı fonunda baş verib. Yəni onların Rusiyadan qaz idxalı azalıb, nəticədə Azərbaycan alterativ mənbə kimi İtaliyanın qaz bazarına ixracını cari ildə 12-13 faizə qədər artacaq.
Qeyd edim ki, ötən il Azərbaycan İtaliyanın qaz bazarında 10 faiz yer tutmuşdu. Ölkəmiz artıqlaması ilə üzərinə düşən öhdəliyi yerinə yetirir”.
Ekspertin sözlərinə görə, indiyə qədər neft-qazla bağlı Azərbaycandan asılı olan nə varsa, onu həyata keçirib: “Prezident İlham Əliyevin “Bizim sözümüzün imzamız qədər qüvvəsi var” məşhur fikri burada öz təsdiqini tapır. Buna görə də Azərbaycanı Avropada nümunəvi təchizatçı kimi tanıyırlar.
Rusiyanın “Qazprom” şirkəti “Şimal Axını-1” layihəsini üçgünlük müvəqqəti dayandırdığını elan edəndən sonra Avropaya qaz ixracını bərpa etmədi. Bu, onu göstərdi ki, Rusiya artıq Avropanın, Qərbin gözündə stabil, nümunəvi və müqavilələrə əməl edən bir təchizatçı rolunu itirib. Bunun əvəzində bazara Azərbaycan kimi yeni bir oyunçu çıxıb. Bu baxımdan hər iki tərəf əlaqələrin genişləndirilməsində maraqlıdır”.