27 Sentyabr 2022 10:12
2 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Teleqraf.com-un sualların cavablayıb.

Onunla müsahibəni təqdim edirik:

- Vahid müəllim, bu günlərdə Milli Məclisdə ərzaq məhsullarında ƏDV-ni 18%-dən 2%-ə endirilməsini, eləcə də ərzaq məhsullarına tətbiq edilən gömrük rüsumlarının azaldılmasına dair təkliflər irəli sürdünüz. Bu təklif reallaşacağı təqdirdə hansı müsbət nəticəsi olacaq?

- Artıq 10 ildən çoxdur ki, Milli Məclisdə ƏDV ilə əlaqədar məsələni qaldırıram. Bütün məhsullar üzrə eyni səviyyədə ƏDV tətbiq edə bilmərik. Çünki elə məhsullar var, gündəlik tələbat mallarıdır, elə məhsullar da var, insanlar onu 15-20 ildən bir istifadə edilir. Biz nəyə görə ərzağa 18 faiz əlavə rüsum tətbiq etməliyik? Təklif edirəm ki, ərzağa 2%, qeyri-istehlak məhsullarına isə 25-35% ƏDV tətbiq edək - bu məhsulları insanlar 10-15 ildən bir alır. Deyirlər, bunun uçotunu aparmaq bir qədər çətin olar, spekulyasiya (hər hansı bir şəraitdən, kiminsə çətinliklərindən öz məqsədlərin və planları naminə istifadə etmək - müəll.) edilər və s.

Burada heç bir spekulyasiya ola bilməz. Dövlətin güclü nəzarəti yetərli olar, gömrükdə hər şey qeydə alınar və hesabatı verilər. Təklifin reallaşması ərzaq qiymətlərinin müəyyən qədər aşağı düşməsinə gətirib çıxarar ki, bu da əhali üçün çox vacib məsələdir.

Ölkədə 0%-dən 15%-ə qədər gömrük rüsumları var. Azərbaycanda xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər edilməsi barədə səlahiyyət Nazirlər Kabinetinə verilib. Hökumət bu səlahiyyətindən istənilən vaxt istifadə edib, Azərbaycana idxal olan kifayət qədər bahalı məhsulların gömrük rüsumunu 0% də tətbiq edə bilər, 1% də, 15%-də. Gömrük rüsumunun müəyyən qədər aşağı salınması insanların həmin məhsullara əlçatanlığını təmin edir.

Digər ən vacib məsələ süni qiymət artımıdır. Bəzən deyirlər Azərbaycanda süni qiymət artımı yoxdur, amma bu, belə deyil. Dəfələrlə ölkə başçısı çıxışlarında süni qiymət artımının qarşısını almaq barədə xəbərdarlıqlar edib. Doğrudur, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti süni qiymət artımı ilə bağlı müəyyən işlər görür, amma bu istiqamətdə aparılan tədbirləri gücləndirməyə ehtiyac var.

Daşınma xərcləri idxal olunan məhsulun maya dəyərinə oturaraq qiyməti müəyyən edir. Bu, obyektiv qiymətlərdir və artım başadüşləndir. Bir də var ki, məhsulun maya dəyərinin üzərinə lojistik xərclərdən əlavə, subyektiv səbəblərdən süni qiymət qoyurlar. İnsanlar da onu almağa məcburdur, çünki alternativləri yoxdur.

- Verginin və gömrük rüsumlarının azaldılması dövlətin bu istiqamətdə yığımlarına da təsir edəcək. Bunu necə kompensasiya etmək olar?

- Təbii ki, bütün məhsullar üzrə vergi və gömrük rüsumlarının azaldılmasından söhbət getmir. Gündəlik tələbat və ərzaq məhsulları üzrə rüsumları aşağı salmaq olar. Əvəzində avtomobil, mebel, elektron cihazlar kimi qeyri-istehlak məhsullarına ƏDV-ni 30 faizədək artırmaq mümkündür. Bu, azalan yığımları əvəzləyəcək. Nəzərə almaq lazımdır ki, ölkəmizə idxal olunan avtomobillərin sayı gündən-günə artır, burada vergi də kifayət qədər yüksəkdir.

Gündəlik tələbat mallarının qiyməti surətlə artır, əhali bundan əziyyət çəkir. Hər dəfə maaşı artırmaqla dövriyyəyə əlavə vəsait buraxılır. Bu da daha çox inflyasiya təzyiqi və qiymət artımı yaradır. Bunun da öz problemi var.

- Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin 8 ayında ölkəmizdə inflyasiya 13,2% təşkil edib. Bilirik ki, pensiya və əməkhaqqılarının artımı inflyasiyaya müvafiq indeksləşdirilərək həyata keçirilir. Gələn ilin büdcəsində əməkhaqqı və pensiyalar nə qədər artırılacaq?

- 2021-ci ilin yekunlarına görə, il ərzində maaşlar, müavinətlər və digər sosial ödənişlər orta hesabla 20% artırılıb. Maliyyə Nazirliyi artıq 2023-cü il üzrə dövlət büdcəsinin strateji xərclərinin iqtisadi təsnifatını açıqlayıb. Belə ki, növbəti ilin dövlət büdcəsində birbaşa sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728 milyon manatdan 4 milyard 411 milyon manatadək - təxminən 20 faiz artırılır.

Hazırda rəsmi statistikada inflyasiya 12.9 faizdir. Amma elə məhsullar var ki, orada inflyasiya 20-30 faizdir. Xüsusilə ərzaq məhsulları, gündəlik tələbat mallarının qiyməti kifayət qədər yüksəkdir. Hesab edirəm ki, inflyasiya 12,9 faizdən bir qədər yuxarıdır. Bütün bunları nəzərə alıb aztəminatlı əhaliyə müəyyən qədər köməklik etmək lazımdır. Heç olmasa 2023-cü ildə sosial baxımdan həssas əhali qrupunun əməkhaqqı, təqaüd, pensiya və digər ödənişlərinə 20-25 faiz səviyyəsində artım etmək lazımdır ki, ciddi problemləri olmasın.

Növbəti ilin dövlət büdcəsində minimum aylıq əməkhaqqının məbləğinin artırılması kimi məsələlər də nəzərdə tutulub. Hesab edirəm ki, minimum əməkhaqqı, minimum pensiya və sosial ödənişlərə yenidən baxılacaq.

- Azərbaycandakı sərnişindaşıma şirkətləri tariflərin artırılmasını istəyir. İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlayan sərnişindaşıma şirkətləri tariflərə baxılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə olunmasını xahiş ediblər. Sizcə, şirkətlərinin iradları nəzərə alınmalıdır, yoxsa gedişhaqlarının artırılmasına yol vermək olmaz?

- Bundan əvvəl unun və çörəyin qiymətinin artması barədə qərar verildi. Bu qərar iri un və çörək istehsalçılarının müraciətləri əsasında verildi. İndi də eyni haldır. Sərnişindaşıma şirkətləri ölkədə dizel yanacağının qiymətinin artırıldığını, avtobusa lazım olan ehtiyat hissələrinin qiymətinin kifayət qədər yüksək olduğunu və pandemiyadan yığılıb qalan bir sıra problemləri əsas gətirərək, gedişhaqlarının artırılmasını istəyirlər.

Sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərini başa düşürəm. Çünki unun qiyməti artırılanda bir neçə istehsalçı ilə görüşüb, qiymətləri müzakirə etmişdim. Görürəm ki, onların da tələbləri düzgündür. Yanacağın qiyməti artıb, onların sərfiyyatı kifayət qədər böyükdür. Amma bütün bunların müqabilində elə etməliyik ki, insanların əməkhaqqında müəyyən artımlar olsun. Yəni artımlar paralel aparılmalıdır, əks halda insanlar əziyyət çəkəcək. Yəqin məsələ belə də tənzimlənəcək.

Bəziləri təklif edir ki, sərnişindaşıma şirkətlərinə dotasiya verək. Amma mən yalnız kənd təsərrüfatına subsidiyaların verilməsinin tərəfdarıyam. Çünki ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün strateji məsələdir. Eyni zamanda yardımı elə vermək lazımdır ki, orada heç bir mənimsəmə halları olmasın, yəni verilən dotasiya ünvanına çatsın. Amma digər sahələrə dotasiyanın verilməsinin tərəfdarı deyiləm. Çünki bazar iqtisadiyyatıdır. Hansısa istisnalar olar bilər. Həmişə dövlət tərəfindən müəyyən yardımlar edilib, amma yaxşı olar ki, əhaliyə verilən vəsaitlərdə ciddi artımlar olsun.

- Yeri gəlmişkən, vəsaitlərin təyinatı üzrə xərclənməməsi halları artıb. Maliyyə Nazirliyi 52 təşkilatda 100 milyon manat məbləğində artıq və əsassız ödəniş aşkarladığını elan etdi. Adı açıqlanan təşkilatlar arasında elələri var ki, ölkə iqtisadiyyatı bu qurumlardan böyük qazanc əldə etmir, onların ləğvi büdcənin yükünü xeyli yüngülləşdirər. Ancaq bəzi qurumlar da var ki, onların ləğvi mümkün deyil. Bu qurumlarda neqativ hallarla mübarizə metodu hansı üsulla aparılmalıdır?

- Doğrusu, inanırdım ki, 44 günlük müharibədən sonra hamı özünü yığışdırar, korrupsiya, rüşvət halları xeyli azalar. Təəssüf ki, bunun tamamilə əksini gördüm. Hesablama Palatasının, Maliyyə Nazirliyinin verdiyi hesabatlara baxıram, görürəm ki, bizdə rüşvət get-gedə genişlənib. Bu nə ilə əlaqədardır, bilmirəm, amma bunun qarşısı alınmalıdır.

Hesablama Palatasının Milli Məclisdə verdiyi bütün hesabatlarında elə bir təşkilat yoxdur ki, orada yeyinti faktı olmasın. Palata müvafiq tədbirlər görülməsi məqsədi ilə yoxlama materiallarını hüquq-mühafizə orqanlarına göndərir. Amma faydası yoxdur.

Neçə icra başçısı, idarə rəisləri həbs olundu, müxtəlif nazirliklərdə yoxlamalar aparıldı, işdən çıxarılmalar oldu. Amma təkrar yoxlamalarda yenə həmin hadisələrin şahidi oluruq.

Həm Maliyyə Nazirliyi, həm də Hesablama Palatası əvvəlcə çalışırlar ki, dəymiş zərər dövlət büdcəsinə ödənilsin. Amma ödənilməyəndə yoxlama materialları hüquq-mühafizə orqanlarına təqdim olunur. Görünür bu qurumlarda şəffaflıq tam təmin olunmayıb. Cənab Prezident də dəfələrlə qeyd edib ki, ictimai nəzarəti genişləndirmək lazımdır. Düşünürəm ki, bunun üçün QHT-lərə müəyyən səlahiyyətlər vermək lazımdır. İctimai nəzarət olmasa, bu hallar hər zaman təkrarlanacaq.

- Vahid müəllim, Zəngəzur dəhlizinin açılması məsələsinə də fikrinizi bilmək maraqlı olar. Hər dəfə dəhlizin açılması söhbəti gündəmə gələndə fərqli dövlətlərin qərəzli reaksiyası ilə qarşılaşırıq. Sizcə, Zəngəzur dəhlizi region üçün nə vəd edir?

- Zəngəzur dəhlizinin açılması bizdən çox Rusiya üçün vacibdir. Amma fikir versək görərik ki, İran dövləti bu dəhlizin açılmasına qarşı çıxır. Çin kimi nəhəng bir dövlət bu dəhlizin açılmasının tərəfdarıdır. Məlumdur ki, Zəngəzur dəhlizi ilə formalaşan nəqliyyat qovşağı Çinlə Avropa arasında və digər alternativ nəql yolları ilə müqayisədə kifayət qədər qısadır. Əlbəttə ki, qısalıq Zəngəzur dəhlizini daha rentabelli hala gətirir, xərcləri azaldır.

Bu dəhliz açılan zaman logistika mərkəzi yaranır. Həm Naxçıvan blokadadan çıxır, həm də Azərbaycan Asiya, Avropa və digər dövlətlər arasında bir körpü rolunu oynayır. Dəhlizdən keçən yüklər hesabına Azərbaycana kifayət qədər vəsait daxil olacaq.

Rusiya çox çalışır ki, bu dəhlizə nəzarət etsin, amma bu nəzarəti Azərbaycan özü həyata keçirməlidir. Zəngəzur dəhlizi Azərbaycan tərəfindən qorunmalıdır və burada qurulan gömrük də bizim olmalıdır.

Qarabağda sülh və sabitlik bərqərar olmalıdır. Bundan sonra Azərbaycanla Ermənistan arasında müəyyən müqavilələr və sazişlər imzalana bilər. Hansısa ikinci, üçüncü dövlətlərin müdaxiləsinə ehtiyac yoxdur və bu olmasa, daha yaxşı olar. Bir sözlə, iqtisadi cəhətdən dəhlizin əhəmiyyəti ölkəmiz üçün nəzərəçarpacaq dərəcədə böyükdür. Burada yalnız avtomobil yolu deyil, gələcəkdə həm də dəmir yolunun tikintisi nəzərdə tutulub. Ümumiyyətlə, nəqliyyatdan gələn gəlirlər kifayət qədər yüksək olduğu üçün dövlətə müəyyən qədər xeyir gətirir.

- ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 75 baza bənd (0,75%) artıraraq 2,50%-dən 3,25%-ə yüksəltdi. FED-in kəskin artım qərarı ABŞ dollarına dəyər gətirsə də, avro, Yaponiya valyutası, funt-sterlinq və digər valyutalar ucuzlaşdı. Qlobal maliyyə bazarlarında yaşanan böhran Azərbaycan manatına necə təsir göstərir?

- Manatın məzənnəsi ilə bağlı çox proqnozlar verirlər. Ekspertlər hesab edir ki, manatın kursunu bazarın öhdəliyinə buraxmaq lazımdır. Bəli, başa düşürəm ki, manatı buraxmaq lazımdır, amma bunun nəticəsi nə olacaq? Bu haqda düşünmək lazımdır. Manatın hazırkı səviyyədə qorunub saxlanmasının tərəfdarıyam. Maliyyə bazarında ciddi problemimiz və təzyiq də yoxdur, neftin qiyməti kifayət qədər yüksəkdir. Aydındır ki, manatın məzənnəsinin qorunub saxlanması birbaşa neftin qiyməti ilə əlaqədardır. Yəni Mərkəzi Bank normal monetar siyasət aparır. Ona görə də manatın kursu ilə bağlı ciddi problem gözləmirəm.

Azərbaycanda işləyən xarici firmalar kifayət qədər investisiya yatırıb iş görürlər. O ölkədə ki, stabillik var, pul siyasəti düzgün aparılır, yəni milli valyutada ucuzlaşma prosesi getmir, həmin ölkəyə daha çox sərmayə yatırırlar. Hazırda bu, Azərbaycan üçün əhəmiyyətlidir. Çünki dövlət Qarabağın bərpa və quruculuğu istiqamətində böyük işlər görür, vəsait yatırır. Qənaətimcə, bu maliyyə stabilliyi ilin sonuna kimi qorunub saxlanılacaq.

- Rusiya-Ukrayna müharibəsi dünya ölkələrini iqtisadi baxımdan zəiflətdi. Bəs Azərbaycana təsirini necə dəyərləndirmək olar?

- Bu müharibə həm siyasi, həm də iqtisadi cəhətdən bütün dünyaya təsir etdi. Faktiki olaraq Avropanın bütün dövlətləri təbii qazla bağlı böhran yaşayırlar. Problem özünü neftin qiymətlərinin yüksək olmasında da büruzə verir. Müəyyən təsərrüfat sahələri, fabrik və zavodlar fəaliyyətini dayandırıb.

Təbii ki, müharibədən Azərbaycan da əziyyət çəkir. Ölkəmiz taxıla olan tələbatını Rusiyadan, Ukraynadan, eləcə də Qazaxıstandan təmin edirdi. İndi bu dövlətlərin ikisində problem olduğu üçün taxılın qiyməti kifayət qədər yüksəkdir.

Siyasi cəhətdən bütün dünya təlatüm içindədir. Son vaxtlar Rusiya dövlət başçısının taktiki nüvə silahından istifadə edə biləcəyinə dair məsələlər müzakirə olunur. Hesab edirəm ki, bu, bir blefdir. Nüvə silahından heç vaxt istifadə etməz, əks halda Putin beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Rusiyaya qarşı daha ciddi sanksiyalar gözlənilə bilər. Rusiya başa düşməlidir ki, artıq XXI əsrdir, dünya düzəni dəyişir, dövlətlər hamısı demokratik şəkildə fəaliyyət göstərmək istəyir. Hələ də başa düşə bilmirəm ki, Putin niyə işğalçı dövlət simasını qoruyub saxlamaq istəyir?!

Fakt odur ki, Rusiya Ukraynadan çıxarılacaq, oradan heç 1 kvadratmetr torpaq da zəbt edə bilməyəcək. Onun işğal etmək istədiyi əraziləri də heç bir dövlət tanımayacaq. Qənaətimcə, ilin sonuna yaxın müharibə nəticələnəcək, Ukrayna dövləti öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Bu, dünyada çox ciddi düzənin dəyişməsinə gətirib çıxaracaq.

Danılmaz faktdir ki, bölgədə Türkiyənin təsiri kifayət qədər yüksəkdir və bundan sonra daha da yüksək olacaq. Putin nə qədər tez başa düşsə ki, bu müharibənin nə Rusiyaya, nə də dünyaya bir xeyri var, o qədər tez əl çəkər. Müharibə yalnız itkilərə, siyasətdə böyük təlatümlərə səbəb olur. Putin referendum keçirməklə üstünlük qazanmaq istəyir. Amma bunlar hamısı xülyadır, baş tutan məsələ deyil. Hazırda Ukrayna ABŞ və digər dövlətlər tərəfindən kifayət qədər silahla təmin olunur.

- Vahid müəllim, suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.

- Mən təşəkkür edirəm. Sonda 27 Sentyabr - Anım Günü ilə əlaqədar ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirəm. Qazilərə can sağlığı arzulayıram. Şəhidlərin, qazilərin, müharibə iştirakçılarının borcu ödənilməz.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər