13 Dekabr 2014 16:58
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında neftin qiymətinin ucuzlaşması təkcə iqtisadçıları, maliyyə qurumlarını və büdcə təşkilatlarını yox, bütövlükdə cəmiyyəti narahat etməyə başlayıb. Hər şeydən öncə psixoloji təsir öz gücünü göstərir. Yavaş-yavaş cəmiyyətdə belə bir fikir hakim olur ki, neftin qiyməti düşürsə, bu, Azərbaycanda bahalaşmaya səbəb yarada, iqtisadi çətinliklərə gətirib çıxara bilər.

Hazırda neftin ucuzlaşması davam edir və belə getsə Dövlət Neft Şirkətinin (ARDNŞ) xərclərin azaldılması məsələsinə baxacağı istisna olunmur. Bir neçə gün öncə ARDNŞ prezidenti Rövnəq Abdullayev də jurnalistlərə açıqlamasında bunu təsdiqləyib. O bildirib ki, neft ucuzlaşmağa davam edərsə, şirkət kapital qoyuluşlarını azalda bilər, çünki ARDNŞ öz büdcəsinin proqnozlaşdırılması zamanı neftin qiymətini 2015-ci il üçün bir barel üzrə 100 dollardan aşağı götürməyi nəzərdə tutub.

Əvvəl Neft Fondu, sonra dövlət büdcəsi

Ötən il dünyada neftin bahalaşması tendensiyası hökm sürürdü və Tarif Şurası bundan çıxış edərək benzinin qiymətinə əl gəzdirdi. Nəticədə qiymət 30 faizədək qaldırıldı. Həmin dövrlə müqayisədə indi dünya bazarında neftin 1 barelinin qiyməti 30 faizdən çox ucuzlaşıb. Məntiqlə benzinin qiyməti ən azı 1 il əvvəlki səviyyəyədək aşağı salınmalıdır. Hazırda bir çox ölkələrdə benzinin qiymətində ucuzlaşma müşahidə olunur.

Baş verənləri şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, dünya bazarında neftin 1 bareli hətta 60 dollara düşsə belə, rəsmilər büdcə üçün problem yaranmayacağını söyləyirdilər, indi isə bunun əksini deyirlər: “Bu, təbiidir. O mənada ki, neftin qiymətdən düşməsinin yalnız bu ilin büdcəsinə təsirindən danışmaq olardı. Prosesin 2015-ci ilin dövlət büdcəsinə necə təsir göstərəcəyini isə qabaqcadan söyləmək mümkün deyildi.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, ölkəmizin dövlət büdcəsinin yarıdan çox hissəsi Dövlət Neft Fondundan, qalanı isə Dövlət Neft Şirkətindən daxilolmalardan asılıdır, bu baxımdan neftin dünya bazarlarındakı qiyməti ona dərhal təsir etmir. Odur ki, neftin qısamüddətli ucuzlaşmasının dövlətin əsas maliyyə sənədinin icrasında problem yaradacağı bizdə, əslində, qeyri-mümkün hesab edilir. Ucuzlaşma uzunmüddətli xarakter alarsa, problem ciddiləşəcək. Bu, əvvəl Neft Fondunun gəlirlərinə, ardınca dövlət büdcəsinə təsir göstərəcək".

Qiymət artımının qarşısı alınacaq

Müsahibimiz deyir ki, dünya bazarında ucuzlaşma davam eləsə, birinci Neft Fondu ziyana düşəcək, çünki ölkədə hasilat bu il qənaətbəxş səviyyədə qalsa da, növbəti ildə buna ümid etməyə dəyməz: “Digər tərəfdən, Dövlət Neft Fondunun üzərinə böyük xərc öhdəlikləri düşür. Dövlət büdcəsinə transfertdən əlavə, Neft Fondundan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı, neft-qaz və neft-kimya kompleksinin tikintisi layihəsində ölkəmizin iştirak payı, TANAP, ”Cənub" qaz dəhlizi kimi böyük layihələr maliyyələşdirilir".

Ekspertin fikrincə, neftin ucuzlaşmasının təsiri gələn il hiss olunmasa da, 2016-cı ildə bundan ötüşmək çətinləşə bilər.

İtaliyanın “Eni” neft-qaz şirkətinin rəhbəri Klaudio Deskaltsi də gələn il dünya bazarında neftin bir barelinin 70 dollara satılacağını və ancaq 2016-cı ildən artıq neftin qiymətinin müntəzəm olaraq artmağa başlayacağını bəyan edib. Klaudio Deskaltsi bildirib ki, neftin bir barelinin 1 dollar ucuzlaşması şirkətə il ərzində 90-100 milyon avro ziyan vurur.

İndi çoxlarını düşündürən həm də “qara qızıl”ın sürətlə aşağı düşən qiymətinin digər məhsullara təsiridir. Bir çoxları son günlər bəzi ərzaq məhsullarının qiymətindəki bahalaşmanı məhz neftin qiymətilə əlaqələndirir.

İqtisadiyyat və Sənaye Nazirliyindən isə bahalaşmanın mövsümi olduğunu deyirlər. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, inflyasiyanın qiymətlərə təsiri ola bilər, amma total bahalaşmadan söhbət gedə bilməz. Nazirlikdən bayramöncəsi monitorinqlər keçiriləcəyini və süni qiymət artımına qarşı mübarizə aparılacağını bildirdilər.

Bahalaşma başlayıb

Qiymət artımını Dövlət Statistika Komitəsindən təsdiqlədilər və noyabr ayı üçün kənd təsərrüfatı məhsullarında qiymətlərin əvvəlki ayla müqayisədə 3,7 faiz, o cümlədən birillik bitkilərin, diri heyvanların və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin uyğun olaraq 6 və 2,6 faiz bahalaşdığını dedilər.

Məlumata görə, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,3 faiz ucuzlaşıb.
Birillik bitkilərdən yaşıl paxlalı tərəvəzlərin 15,3 faiz, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 10,1 faiz, buğdanın 0,4 faiz, qarğıdalının 0,1 faiz, badımcanın 28,6 faiz, pomidorun 24,4 faiz, xiyarın 4,2 faiz, kartofun 3,2 faiz, yem bitkilərinin istehsalçı qiymətləri 1,7 faiz bahalaşıb, arpanın istehsalçı qiymətləri isə 1,6 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən feyxoanın 36,7 faiz, xurmanın 2,4 faiz, alma və limonun istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşıb, armudun 27,4 faiz, şabalıdın istehsalçı qiymətləri isə 10,5 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 11,1 faiz, südün 8,0 faiz, quş ətinin (diri çəkidə) 1,4 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb, mal ətinin (diri çəkidə) 6,7 faiz, diri qoyun və keçilərin 1,0 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun və həmçinin diri ev quşlarının istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşıb.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər