6 Dekabr 2022 18:28
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ilin sonuna qədər şirkətlərə tavan qiymətlə neft satışını qadağan etməyi planlaşdırır. Hazırda məsləhətləşmələr aparırıq, qərarı yekunlaşdırırıq və şirkətlərlə müzakirə edirik”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

Novak tavan qiyməti ilə bağlı qərarın bazar alətlərinə müdaxilə etmək məqsədi daşıdığını vurğulayıb: “Bu, əlbəttə ki, şirkətlərimizin işinə təsir edir. Buna baxmayaraq, Rusiya neftinə dünya bazarlarında tələbat olduğunu və alıcı tapacağını vurğulamaq istərdim. Əminəm ki, Rusiyanın şirkətlərə tavan qiymətlə neft satışını qadağan edən qərarı ilin sonuna kimi qəbul edəcəyik”.

O qeyd edib ki, bazarlara edilən süni müdaxilələr enerji sahəsində problemlər yaradacaq: “Belə addımlar yalnız qlobal investisiyaları azaldır və müvafiq qaynaqların tədarükündə kəsir yaradır. Bu, indi gördüyümüz kimi qiymətlərin artmasına səbəb olur.

Neft ticarətində mexanizm və tədarük zəncirləri dəyişəcək. Ancaq biz bunu faciə kimi görmürük. Şirkətlər məhsullarını satmaq üçün hər zaman lazımi mexanizmləri tapacaqlar”.

Aleksandr Novak ölkəsinin neft hasilatını azaltmalı olacağını da deyib: “Zaman-zaman neft hasilatında azalma dövrlərinin ola biləcəyini istisna etmirik, çünki vəziyyət qeyri-müəyyəndir. Ancaq azalmanın böyük həcmdə olacağını düşünmürəm. Biz vəziyyəti və neft satışlarını 2022-ci ilə yaxın saxlamaq üçün lazım olan hər şeyi edirik”.


Müəllif: Yeganə Oqtayqızı