Dövlət Neft Şirkətinin Baş ofisində Bakı Buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması layihəsi ilə bağlı görüş keçirilib.
Teleqraf.com-un məlumatına görə, görüşdə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, şirkətin struktur bölmələrinin təmsilçiləri, Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri, eləcə də “Royal Haskoning” şirkətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə “Azərbaycan Respublikasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na və Nazirlər Kabinetində 2011-ci il 12 yanvar tarixində keçirilmiş iclasın protokoluna uyğun olaraq icrası Fövqəladə Hallar Nazirliyinə həvalə edilmiş Bakı Buxtasının ekoloji vəziyyətinin sağlamlaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər, qarşılıqlı əməkdaşlıq və Bakı Buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər haqqında ətraflı məlumat verilib.
Qeyd edilib ki, layihənin icrası bu sahədə böyük təcrübəyə malik olan Hollandiyanın “Royal Haskoning” şirkətinə həvalə edilib və şirkət vəziyyətin ilkin qiymətləndirilməsinin aparılması sahəsində nəticələri artıq təqdim edib.
Naibə QURBANOVA