1 Yanvar 2023 17:25
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Laçın şəhərində genişmiqyaslı quruculuq-bərpa işlərinin aparıldığını bildirib.

Prezident bu il Laçına yenidən qayıtmağın müjdəsini də verib.

Maraqlıdır, neçə laçınlı öz ata-baba yurduna qayıdacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Teleqraf.com-a bildirib ki, Laçın şəhəri işğal ediləndən sonra 65 mindən çox sakin 30 il məcburi köçkün həyatı sürməyə məcbur oldu.

Deputat hazırda rayonun əhalisinin sayının 80 mindən çox olduğunu deyib: “1992-ci ildə Laçın şəhərinin 7 829 sakini olub. İşğaldan əvvəlki son siyahıya almağa əsasən şəhərdə yaşayanların 99.1 faizi azərbaycanlılar idi. Hətta keçmiş SSRİ dövründə 1970-ci il siyahıya alınmasında bütövlükdə Laçının cəmi əhalisi 63.162 nəfər, azərbaycanlıların sayı 58.058 (95.6%), kürdlər 2.437, ermənilər cəmi 34 nəfər olub. Keçmiş sovet dövründə də azərbaycanlılarla kürdlər bir ailə kimi yaşayıblar. Yalnız 2003-cü ildən sonra Suriyadan və Livandan erməni ailələrinin Laçın şəhərinə qeyri-qanuni köçü başlayıb. Zəfərdən sonra onlar zəbt etdikləri evlərin əksəriyyətini yandıraraq qaçdılar”.

Vüqar Bayramov işğal nəticəsində şəhərə dəymiş ziyana da diqqət çəkib: “1992-ci il Ermənistan işğalı nəticəsində Laçında 13,8 min, o cümlədən şəhər mərkəzində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilmişdi. Bu ilin may-avqust aylarında Zabux kəndində 30 ilə yaxın azərbaycanlı evində qalan erməni ailələri əmlakları yandırıb getdilər.

Bütövlükdə, Laçının işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb.

Artıq yeni mərhələdir. Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində dəymiş ziyana görə işğalçıdan beynəlxalq hüquq prinsiplərinə uyğun təzminatın tələb edilməsi prosesi başlayır. İşğaldan sonra ilkin qiymətləndirmələrə görə işğalla əlaqədar Laçına 7,1 milyard ABŞ dollar ziyan dəyib. 30 illik işğal müddətində bu ziyanın həcmi dəfələrlə artıb”.


Müəllif: Yeganə Oqtayqızı