ARDNŞ-nin Azərbaycanda istehsal etdiyi Aİ-92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.
Trend-in məlumatına görə, bunu ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov mətbuat konfransında neftin qiymətinin düşməsi fonunda benzinin qiymətinin azalması imkanı ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə əsasən, ARDNŞ-nin benzin istehsalından gəlirləri böyük deyil: "Ölkədə istehsal edilən benzinin satışından əldə edilən gəlirlərikn bir hissəsi vergilərin ödənilməsinə yönləndirilir. Neftin qiymətinin yüksək olduğu zaman benzinin qiymətini artırmaq məntiqi olardı".
Ölkəyə idxal edilən digər benzin növlərinin qiymətinin azaldılması imkanına gəlincə, S.Qasımov əlavə edib ki, onların qiyməti dövlət tərəfindən tənzimlənmir, həmçinin bu məsələdə ölkəyə benzinin bu növlərinin tədarükünə ayrılan xərcləri nəzərə almaq lazımdır.