27 Mart 2023 12:22
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2022-ci ilin xarici ticarət üzrə yekunları göstərir ki, əsas ərzaq mal qrupları üzrə idxal ixracatı üstələməkdə davam edib”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, idxalın xaricə göndərilən məhsullardan daha çox olması ölkədən valyutanın çıxması ilə yanaşı, istehlak bazarında qiymətlərə təsiri baxımdan da arzuolunan deyil: “Bu səbəbdən də 2022-ci ildə idxal inflyasiyası daha aktiv oldu.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il diri heyvanlar və heyvan mənşəli məhsullar üzrə idxalımız 386 milyon 957 min dollar olduğu halda, ixracatımız 24 milyon 549 min dollar olub. Yəni, ət məhsulları üzrə idxal ixracatı 16 dəfə üstələyib.

Bitki mənşəli məhsullar üzrə idxalımız 968 milyon 758 min dollar, ixracatımız isə 695 milyon 75 min dollar olub. Bu məhsullar üzrə də idxalın 40.0 faizlik üstünlüyü var.

Hazır qida məhsulları, alkoqollu və alkoqolsuz içkilər və sirkə və tütün və onun əvəzediciləri məhsullar üzrə idxalımız ötən il daha çox olub. Belə ki, 2022-ci ildə Azərbaycan bu kateqoriya üzrə 1 milyard 38 milyon dollar dəyərində məhsul idxal edib və 162 milyon 180 min dollarlıq ixrac reallaşıdırıb. Göründüyü kimi, bu vacib mal qrupu üzrə də idxal yüksək olaraq qalmaqdadır”.

Vüqar Bayramov dünya, eləcə də regional ərzaq bazarlarındakı volatilliyi və bir sıra məhsullar üzrə qlobal ərzaq qıtlığını nəzərə alaraq idxalın minimumlaşdırılmasının vacib olduğunu vurğulayıb:

“2022-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasında da yerli istehsalın dəstəklənməsi və ərzaq təhlükəsizliyi əsas milli prioritetlər sırasındadır. Bu idxal inflyasiyasının təsirlərinin minimumlaşdırılması və istehlak bazarında qiymətlərin optimallaşdırılması baxımdan da vacibdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər