Aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının üst modullarının dənizə rəmzi yola salınması barədə məlumat vermişdik.
Qeyd edək ki, 6 milyard ABŞ dolları dəyərində olan ACE layihəsi Xəzər dənizində nəhəng “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Platformanın istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Teleqraf.com-a açıqlamasında bildirib ki, son dövrlər Azərbaycanın neft hasilatında azalmalar baş verir.
O, bu azalmanın təbii olduğunu düşünür:
“Çünki sənaye istismarına verilmiş yataqların böyük əksəriyyəti pik hasilat dövrünü arxada qoyublar. Eyni zamanda Dövlət Neft Şirkətinin və xarici tərəfdaşlarının neft hasilatı ilə bağlı siyasəti Azərbaycanda hasilat həcmlərini müəyyən səviyyədə sabit saxlanmasından ibarətdir. Təbii ki, AÇG yataqlar blokunda yeni hasilat platformasının sənaye istismarına verilməsi, Azərbaycanda neft hasilatını müəyyən dövr ərzində sabit qalmasına kömək edəcək”.
Ekspert qeyd edib ki, illərdir dünyanın enerji sektorunda güclü rəqabət gedir: “Ənənəvi karbohidrogen ehtiyatları ilə bərpa olunan enerji mənbələri arasında çox ciddi rəqabət var. Az karbonlu texnologiyaların tətbiqi, ekoloji tarazlığın ön mövqeyə çəkilməsi, həmçinin karbon emissiyalarının sıfır həddinə çatdırılması ilə bağlı çox ciddi tələb və təkliflər var. Bu baxımdan hesab edirəm ki, Azərbaycan 2050-ci ilə kimi aktivində olan karbohidrogen ehtiyatlarından maksimum istifadə etməlidir.
Son bir neçə ildə Azərbaycanda iki istiqamətdə ciddi iş gedir. Birinci, ənənəvi karbohidrogen ehtiyatlarının mənimsənilməsində az karbonlu texnologiyaların tətbiqi, ikinci, bərpa olunan enerji mənbələrinin maksimum istifadə, bu sahədə mütərəqqi texnologiyaların və xarici investisiyanın cəlb edilməsi”.
Zəfər Vəliyevin sözlərinə görə, Azərbaycanın ixrac gücləri Qara dəniz və Aralıq dənizi enerji bazarlarına yönəlib: “Rusiya-Ukrayna müharibəsindən sonra Moskvanın Şimali-Qərbi Avropa, eyni zamanda Qara dəniz və Aralıq dənizi enerji bazarlarında beynəlxalq ixrac imkanları kifayət qədər məhdudlaşıb. Adıçəkilən enerji bazarlarında neft təchizatı ilə bağlı bir boşluq yaranıb. Hesab edirəm ki, qarşıdakı illərdə yaranmış mövcud vəziyyətdən istifadə edərək bu enerji bazarlarında mövqeyimizi daha da möhkəmləndirə bilərik.
Azərbaycanın həm Qara dənizdə, həm də Aralıq dənizində satdığı neft illərdir premiya ilə olub. Yəni Brend etalon markaya nisbətdə ortalama 2.5, 2.6, bəzən 5 dollar barel hesabı ilə premiya ilə satılıb. Bu, növbəti illərdə də davam edəcək. Çünki az kükürdlü neftə olan tələbat, yüksək və orta kükürdlü neftə olan tələbatdan yüksək olacaq.
İndiki bazar konyunkturanda neft qiymətləri yüksəldikcə neft emalı zavodlarının emal marjı aşağı düşür. Ona görə də yaxın perspektivdə əsasən Avropadakı emal gücləri aşağı kükürdlü neft markalarına daha çox üstünlük verəcək. Çünki yüksək neft qiymətləri qarşılığında emal xərcləri aşağı düşməlidir. Hasilat ilbəil aşağı düşsə də, Azərbaycan neftinin satış bazarı sabit olaraq qalacaq”.
Mütəxəssis hesab edir ki, 2022-ci il beynəlxalq enerji və qaz təchizatlı şirkətlər üçün önəmli olub:
“Dünyanın aparıcı milli neft şirkətləri həm təbii qaz, həm də neft satışından kifayət qədər gəlir əldə edib. Azərbaycan Neft Fonduna da enerji məhsulları satışından kifayət qədər gəlirlər daxil olub. Baxmayaraq ki, hazırda enerji bazarlarında qeyri-müəyyən bir vəziyyət mövcuddur, amma OPEC və müttəfiq dövlətlər bu qeyri-müəyyənliyi kəsintilər vasitəsilə aradan qaldırırlar.
Düşünürəm ki, qarşıdakı illərdə neft və təbii qaz qiymətləri yüksək olacaq. Çünki neft qiymətlərini aşağı salan faktorlar demək olar ki, yox dərəcəsindədir. Dünyanın bütün ticarət platformalarında tədarük zənciri bir neçə dəfə uzanıb. Bu da aqreqatların, daşımaların və digər xidmət qiymətlərini artırır. Bütün bunlara baxmayaraq, neft qiymətlərinin yüksək həddə olması, Azərbaycanın gəlirlərini bir az da artıracaq. Təbii ki, layihələrə qoyulan xərclər də artıqlaması ilə qayıdacaq”.