Teleqraf.com-un suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Əli müəllim, ötən gün təmsil olunduğunuz komitənin iclasında Hesablama Palatasını işğaldan azad edilmiş ərazilərə xərclənən vəsaitlərin səmərəliliyini araşdırmağa çağırdınız. Belə bir çağırış hansı zərurətdən yarandı? Ümumiyyətlə, bu yöndəki ehtimallarınız nədən ibarətdir?
- Azərbaycan Ermənistanın öz havadarlarının bilavasitə iştirakı və dəstəyi ilə işğal etdiyi, 30 il ərzində viran qoyduğu, hər qarışını minalanmış döyüş meydanına çevirdiyi əraziləri işğaldan azad edərək tikinti meydanına, sülh və əməkdaşlıq arenasına çevirir. İşğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Böyük Qayıdış istiqamətində ilk addımlar atılıb və proses getdikcə genişlənəcək. İcrası başa çatan Güləbird Su-Elektrik Stansiyası, 7 yarımstansiya, Suqovuşan və Talışa gedən yollar istifadəyə verildi, Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı, Ağalıda "Ağıllı kənd" kimi layihələr başa çatdırıldı. Şuşanın su və elektrik təchizatı təmin edildi. Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur.
Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 km-dən artıq olacaq. Azərbaycan işğaldan azad edilmiş ərazilərdəki bərpa-quruculuq işlərini öz gücünə, dövlət vəsaiti hesabına həyat keçirir. Bu məqsədlə indiyədək 6,5 milyard manat dövlət vəsaiti xərclənib və çox mühüm infrastruktur layihələri icra olunub.
Bu ilin dövlət büdcəsindən Qarabağdakı bərpa-quruculuq işlərinin genişləndirilməsi və Böyük Qayıdışın reallaşdırılması istiqamətində nəzərdə tutulan tədbirləri həyat keçirmək məqsədilə əlavə 3 milyard manat vəsait ayrılıb. Hələ qarşıda görüləsi işlər çoxdur və onları ərsəyə gətirməkdən ötrü məbləği on milyardlarla ölçülən vəsait lazım gələcək. Ona görə də, elə başlanğıcdan şəffaflıq, hesabatlılıq və etibarlı nəzarət mexanizmi yaradılmalıdır ki, Qarabağı bərpasına yönəldilən vəsaitin hər bir manatı öz təyinatına uyğun şəffaf şəkildə və səmərəli istifadə edilsin.
Bu baxımdan Hesablama Palatası işğaldan azad edilmiş ərazilərə xərclənən vəsaitlərin səmərəliliyini araşdırması istiqamətində başladığı işlərin miqyasını ora qoyulan vəsaitin həcminə uyğun genişləndirməyə başlamalıdır. Əgər hər şey yüksək səviyyədədirsə, nümunə kimi ortaya qoyulsun və həmin müsbət təcrübə digər sahələrdə də tətbiq edilsin. Əgər çatışmazlıqlar varsa, vaxtında aşkar edilib aradan qaldırılsın ki, sonradan zəncirvari reaksiya alıb mütəmadi böyük maliyyə itkilərinə gətirib çıxarmasın.
- Eyni zamanda komitənin iclasında dövlət zəmanətli kreditlərin xeyli hissəsinin bərbad istifadə olunduğuna da diqqət çəkmisiniz. Bərbadlıq özünü əsasən hansı istiqamətdə göstərir və nəzarət mexanizmi necə olmalıdır?
- Elə təşkilatlar var ki, müxtəlif mənbələrdən, o cümlədən dövlət zəmanəti ilə alınan kreditlər hesabına çox faydalı işlər görüblər. Belə mütərəqqi təcrübəni həm təşviqləndirmək, həm də yaymaq lazımdır. Bunu komitə iclasındakı çıxışımda da bildirdim. Amma elə qurumlar da var ki, onların bu sahədəki nəticələri bərbad vəziyyətdədir. Məsələn, su təsərrüfatı ilə məşğul olan təşkilatlar müxtəlif mənbələrdən ən çox maliyyə vəsaiti alan qurumlardandır. Amma Azərbaycanın su təsərrüfatı, kanalizasiya sistemlərinin bərpası, yenidən qurulması sahəsində görülən işlərin, eləcə də suvarma suyu ilə təminatın vəziyyəti, sudan istifadənin rasionallıq və səmərəlilik səviyyəsi kimi göstəricilərdən çıxış edərək demək olar ki, bu yöndə nəticəlilik səviyyəsi çox aşağıdır.
Bu da ona dəlalət edir ki, onların dövlət büdcəsindən, Neft Fondundan və hökumət zəmanəti ilə aldıqları kreditlərdən yetərincə səmərəli istifadə edilməyib. Həmin maliyyə vəsaitlərindən yetərincə səmərəli istifadə olunsaydı, mövcud su resurslarından indikindən qat-qat daha artıq faydalanmaq olardı. Bu, çox ciddi məsələdir. Zamanında buna yetərincə diqqət eləməyən ölkələrdə birbaşa xarici dövlət borcu aşağı səviyyədə olsa da, dövlət zəmanəti ilə alınan kreditlərə görə yığılan borclar birbaşa dövlət borcundan dəfələrlə çoxdur.
Hesab edirəm ki, bu sahədəki problemlərin dövlət üçün getdikcə ağır maliyyə yükünə çevrilməsinə yol vermək olmaz. Bunun üçün Hesablama Palatası dövlət zəmanəti ilə alınan kreditlərdən istifadənin səmərəlilik dərəcəsi ilə bağlı geniş və dərin araşdırmalar aparmalıdır. Palatanın bu sahədəki nöqsan və çatışmazlıqları aşkarlamasını, eləcə də zəruri qabaqlayıcı tədbirlər görməsini vacib hesab edirik.
- Hesablama Palatası 2022-ci ildə apardığı uyğunluq auditləri hesabına 481,2 milyon manatlıq maliyyə pozuntusu aşkar edib. Auditor hesabatlarına əsasən büdcə qanunvericiliyi və dövlət satınalmaları üzrə nöqsanlara daha çox rast gəlinib. Palata sədri Vüqar Gülməmmədov nöqsanların hər il təkrarlandığını deyib. Mübarizə metodunu necə olmalıdır?
- Hesablama Palatasının 2022-ci ildə apardığı uyğunluq auditləri hesabına aşkar edilmiş 481,2 milyon manatlıq maliyyə pozuntusunun 131 milyon manatı və ya 27 faizi üzrə tədbirlər müəyyən edilib. Onun 46 milyon manatı və ya 10 faizə yaxını bərpa edilib, 85 milyon manatı və ya 18 faizə yaxını üzrə digər tədbirlər müəyyən edilib, 350 milyon manata yaxınına və ya 73 faizinə münasibətdə isə bərpa üçün əsasların müəyyən edilməsi mümkün olmayıb. Belə çoxmilyonlu rəqəmlərlə ifadə olunan böyük maliyyə pozuntularının qarşısının alınmasının magistral yolu şəffaflıq, aşkarlıq, hesabatlılıq, məsuliyyət baxımından işləri qaydaya salmaqla, ciddi maliyyə intizamına riayət edilməsindən keçir. Belə halların qarşısını almaq üçün pozuntu aşkar edilən qurumlarla iş aparılır və qeyd etdiyim rəqəmlər çərçivəsində maliyyənin müəyyən hissəsini bərpa etmək mümkün olur.
Daha ciddi pozuntulara yol verənlərin işləri inzibatı orqanlara göndərilir və bu yolla da maliyyə vəsaitinin əlavə bir hissəsini bərpa etmək mümkün olur. Amma qeyd etdiyimiz rəqəmlərdən də görünür ki, belə sui-istifadə hallarından doğan maliyyə pozuntuları zamanı itkilərinin çox hissəsini bərpa etmək mümkün olmur. Bu sahədə kompleks dərin araşdırmalar aparıb optimal yollar tapmaq lazımdır.
Bu kontekstdə sadaladığımız iki yoldan əlavə, üçüncü bir üsuldan da istifadə etmək olar. Pozuntuya yol verən təşkilatları İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə dəvət edib Hesablama Palatasının və deputatların iştirakı ilə bir dinləmə təşkil edilməlidir. Fikrimizcə, bu, həmin təşkilata və ondan nəticə çıxarmaq istəyən digər qurumlara təsir mexanizmi kimi faydalı olardı. Bu üsulla pozuntuya yol verən təşkilatları arxayınçılıqdan və məsuliyyətsizlikdən çəkindirmək olar. Bu, öz işini normal qurmaq istəməyən digər qurumlara bir siqnal və dərs olar.
Belə müzakirələr zamanı aşkarlanan nöqsanları aradan qaldırmaq üçün bir fürsət yaranar. Digər tərəfdən, lazım gələn hallarda qanunvericilikdə dəyişikliklər edilməsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, eləcə də Hesablama Palatası birgə təşəbbüslərlə çıxış edər. Bu da maliyyə pozuntularına yol açan, bərpa üçün əsasların müəyyən edilməsi mümkün olmayan vəziyyətin yaranmasına müəyyən mənada şərait yaradan qanun boşluqlarının aradan qaldırılmasında ciddi rol oynaya bilər.
- Aprelin 11-də keçirilən plenar iclasda “Elektroenergetika haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edildi. Bu layihə ətrafında təzadlı fikirlər səslənir. Energetika naziri müzakirədə iştirak edən deputatları əmin etdi ki, qanun qüvvəyə minərsə, qiymət artımı olmayacaq. Sizcə, “Azərişıq” ASC özəlləşdirilsə, qiymətlərə necə təsir edəcək?
- Əslində, mahiyyət etibarilə yanaşsaq “Elektroenergetika haqqında” yeni qanunun məzmununda elə bir ciddi problem yoxdur. Mövcud problemlər isə düzəldilməsi mümkün olan məsələdir. Problemlər həmin qanunun necə tətbiq edilməsi ilə bağlı yarana bilər. Həmin qanun ətrafında təzadlı fikirlərin səslənməsi də xeyli dərəcədə buradan qaynaqlanır.
Energetika nazirinin müzakirədə iştirak edən deputatları qiymətlərin artmayacağına əmin etməsi isə anlaşılan deyil. Çünki son zamanlar bütün sahələrdə qiymətlər artır. Elektrik enerjisinin, suyun, təbii qazın qiymətləri zaman-zaman artıb və təbii ki, müəyyən müddət keçəndən sonra yenə də artırılacaq. Bu kontekstdə əsas məsələ bundan ibarətdir ki, “Azərişıq” ASC özəlləşdirilsə, əhaliyə, müəssisə və digər qurumlara göstərilən xidmətin keyfiyyəti artacaq, yoxsa yenə həmişəki kimi xidmətin keyfiyyətində heç bir yaxşılaşma etmədən müxtəlif bəhanələrlə yalnız birtərəfli qaydada elektrik enerjisinin qiymətinin artırılması davam edəcək?
Bu problemi köklü surətdə həll etməkdən ötrü çoxsaylı şərtlər içərisində 4 məsələ çox vacib və həlledicidir: Birinci, “Azərişıq” ASC özəlləşdirilməsi üzrə keyfiyyətli proqramın ortaya qoyulması. İkinci, “Azərişıq”ın özəlləşdirilməsində effektiv sahibkarın tapılması. Üçüncü, həmin effektiv sahibkarın energetika sahəsinin səmərəli fəaliyyətini təmin etməyə yetərli qədər sərmayə qoyması. Dördüncü, bu sahənin özəlləşdirməsinin dövlət aktivlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi vasitəsi kimi çıxış edə bilməsi.
Bu 4 amildən yan keçməklə həyata keçirilən özəlləşmənin astarı üzündən baha başa gələcək. Azərbaycan təcrübəsində dövlət aktivlərinin idarəçiliyində yol verilən qeyri-səmərəlilik halları burda da davam edəcək. Dövlət zəmanəti ilə xeyli kreditlər alınacaq, səmərəsiz istifadə olunacaq, xidmətin keyfiyyətində isə elə bir müsbət irəliləyiş olmayacaq.
Bax, bir sıra deputatların narahat edən əsas məsələ “Elektroenergetika haqqında” yeni qanunun məzmunu ilə yox, məhz bununla bağlıdır.