17 Aprel 2023 17:08
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat, xərcləri isə 6 milyard 567 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, gəlirlər və xərclər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,3 % və 16,7 % çoxdur.

Son nəticədə büdcənin icrasında 1 milyard 723 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 24,8 % çoxdur.

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 5 milyard 877,6 milyon manat vəsait daxil olmuş, büdcədən 3 milyard 660,4 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında 2 milyard 217,2 milyon manatlıq profisit yaranmışdı.

İqtisadçı Rəşad Həsənov büdcədə 1 milyard 723 milyon manatlıq artığın yaranmasında rol oynayan əsas faktorları Teleqraf.com-a şərh edib.

O, əlavə gəlirin hansı istiqamətə xərclənməsi barədə qərar verməyin erkən olduğunu düşünür: “İlin birinci rübündə büdcədə profisitin yaranmasının ən mühüm səbəblərindən biri xüsusilə yanvar ayında büdcə xərcləmələrinin gecikməsidir. Yəni ilin əvvəlində büdcə xərcləmələrində gecikmələr müşahidə olunur. Azərbaycana xas xüsusiyyətlərdən biri ilin dördüncü rübündə xərcləmələrin kəskin şəkildə artmasıdır. Bu, bir sıra səbəblərlə bağlıdır.

Dövlət büdcəsində investisiya xərcləri əhəmiyyətli paya malikdir. İnvestisiya xərclərinin payının planlanlaşdırılması və vəsaitin ayrılması uzunmüddətli zaman tələb edir. İlin əvvəlində layihənin hazırlanması, tenderin elan edilməsi, qaliblərin seçilməsi, prosesin başlanması kimi məsələlər müəyyən vaxt alır. Bu dövr çərçivəsində ən yaxşı halda üçüncü, dördüncü aydan sonra mərhələli şəkildə ilkin avans ödənişləri edilməyə başlayırlar. Başqa sözlə, layihənin bütün dəyəri ödənilmir.

Amma bəzi hallarda büdcəyə baxış zamanı sanki büdcəni dörd yerə bölüb bütün rüblərdə bərabər şəkildə xərclənməlidir kimi bir mövqeyi ortaya qoyulur. Bu səbəbdən də adətən ilin birinci rübündə profisitlər yaranır. İlin sonuna doğru profisitin həcminin azaldığını müşahidə edirik.

İndidən qalıq vəsaitin xərclənməsi ilə bağlı mövqe ortaya qoymaq erkən qərar olar”.

Fiskal riskləri artıran başlıca faktor...

Analitik 2023-cü ilin dövlət büdcəsində neftin qiymətinin 50 dollardan götürülməsinə də diqqət çəkib: “Bütün neft sektorundan gözlənilən vergi və daxilolmalar 50 dollar üzərindən aparılan hesablamalar əsasında müəyyən edilir. Amma praktika onu göstərir ki, bu günə qədər neft nəzərdə tutulandan 65 faiz daha yüksək qiymətə satılıb. Bu da neft sektorundan daxilolmaların çoxalmasına, dolayısı ilə profisit istiqamətli meylliyin dərinləşməsinə gətirib çıxaran faktordur.

Bu prosesin növbəti mərhələlərinin izlənməsində fayda var. Düşünürəm ki, Azərbaycan hökuməti büdcəyə iki dəfə baxma təcrübəsindən mərhələli şəkildə imtina etməlidir. Bu, əslində fiskal riskləri artırır. Bu yanaşma adətən daha çox neft gəlirlərinin artması fonunda ortaya çıxır.

Büdcəyə yenidən baxma, yenidən əlavə istiqamətlərdə xərcləmə qərarlarının qəbul edilməsi və sair əslində, resurs gəlirlərinin daha çox xərclənməsi və onun yığılıb saxlanması istiqamətində meyllərin azalmasına, bir sıra hallarda isə səmərəsiz istiqamətlərə yönəlməsinə gətirib çıxarır”.

Xərc istiqamətləri...

Müsahibimiz deyir ki, Azərbaycan dövlət büdcəsindən ilk növbədə sosial istiqamətlərə vəsait ayrılır: “İnflyasiya əhalinin, eləcə də dövlət sektorunda çalışanların alıcılıq gücünə, fiskal gəlirlər hesabına həyata keçirilən sosial proqlamlardan faydalananların - əlillərin, pensiyaçıların, ünvanlı sosial yardım alanların vəziyyətinə ciddi şəkildə mənfi təsir göstərir. Onların əldə etdiyi gəlirlər bazarda qiymət artımları fonunda sürətlə dəyərsizləşir. İmkan yarandığı təqdirdə hökumət ilk növbədə məhz bu istiqamətdə layihələri genişləndirməli və son nəticədə əhalinin alıcılıq gücünün bazarda dəyişən qiymət dinamikasına uyğunlaşdırılması mövqeyini ortaya qoymalıdır.

Növbəti mərhələdə həm dünyada, həm də Azərbaycanda vacib hesab edilən səhiyyə istiqamətli tədbirlərin keyfiyyətinin artırılması hökumətin gündəmində olmalıdır.

Eyni zamanda regionlara doğru iqtisadi aktivliyi dəstəkləyən, tarazlı inkişafı şərtləndirən və nəzarət olunmayan urbanizasiyanın qarşısını alan tədbirlərin də maliyyələşməsi hökumətin prioritetləri sırasına daxil edilməlidir”.


Müəllif: Yeganə Oqtayqızı