22 May 2023 17:13
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Rusiyanın illik 4,7 milyard dollarlıq almaz ixracatına yeni sanksiyalarla zərbə vurmağı hədəfləyir.

Teleqraf.com xəbər verir ki, İttifaq rus almazlarının beynəlxalq ticarətdə dövriyyəsini önləmək üçün mənşə ölkəni göstərən izləmə sistemi yaratmağın yolunu axtarır.

11-ci sanksiyalar paketində Aİ təkcə Rusiyadan birbaşa idxalın deyil, həm də müxtəlif ölkələr və ya ticarət mərkəzləri vasitəsilə beynəlxalq ticarətdə rus xam almazlarının satışının qarşısını almaq üçün mənşə ölkəni göstərən qlobal izləmə sistemi yaratmağa çalışır. Bu izləmə sistemi ilə Rusiyanın xam almazları birbaşa Qərb ölkələrinə satılmasa da, başqa ölkədə emal edilərək məhsula çevrilsə belə, sanksiyalara məruz qalacaq.

2003-cü ildə münaqişəli almazların istifadəsinin qarşısını almaq üçün beynəlxalq forum kimi yaradılmış Kimberley Prosesinin (KP) məlumatına görə, 2021-ci ildə dünyada 118,7 milyon karat kobud (xam) almaz istehsal edilib. Bu məbləğin 39,1 milyon karatını istehsal edən Rusiya 33 faiz payla dünyanın ən böyük kobud almaz istehsalçısı olub. Rusiya istehsalının 90 faizini təmin edən “Alrosa” şirkəti hazırda Kanada, Böyük Britaniya, ABŞ, Yeni Zelandiya və Baham adalarının sanksiyalarına məruz qalıb.

2021-ci ildə Rusiyanın ümumi ixrac gəliri 494 milyard dollar olub. Bu gəlirin təxminən yarısını neft və qaz təşkil edib. Almaz ixracı ümumi ixracda aşağı qalsa da, Aİ Rusiyanın ixrac gəlirlərini azaltmaq üçün bu sektora sanksiya tətbiq etməyi planlaşdırır.

Qeyd edək ki, bu il mayın 19-21-də Yaponiyanın ev sahibliyi etdiyi G7 Liderlər Zirvəsi öncəsi Rusiya almazına qarşı sanksiyalar da gündəmdə olub. Sammit zamanı Böyük Britaniya bu ilin sonuna kimi Rusiyadan almaz idxalına qadağa qoyacağını açıqlayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər