“Qonşu Rusiya və Türkiyədə milli valyutaları dollara nisbətən dəyər itirməkdədir. Türkiyədə keçirilən seçkidən sonra lirəyə təzyiq artmağa başladı. Hazırda 1 dollar almaq üçün 24 lirəyə yaxın vəsait ödəmək lazımdı. Rubl da dəyərsizləşməkdə davam edir. Son 1 ayda rubl dollara nisbətən 7 faizə yaxın dəyərsizləşib”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat hər iki valyutaya təzyiqlərin davam etdiyini bildirib: “Türkiyədə məzənnənin sadəcə ortamüddətli dövrdə stabilləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar valyuta bazarına təsirsiz ötüşmür.
Hər iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyorudur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır”.
Maraqlıdır, qonşu ölkələrin valyuta bazarlarında baş verənlər manatın məzənnəsinə təsir göstərəcəkmi?
İqtisadçı deyir ki, kursun müyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir: “Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur.
Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.