“Mərkəzi Bank ilin ilk 3 ayının sonucları üzrə tədiyyə balansının yekunlarını açıqlayıb. İqtisadiyyatımızın ənənəvi xilaskarı neft-qaz sektoru hesabına cari balansda 5,1 milyard dollar profisit yaranıb. Amma onun əvəzində cari hesabın qeyri-neft kəsiri 10% (157 milyon dollar) artaraq 1.7 milyard dollara yaxınlaşıb. Eyni zamanda, xarici ticarət balansının qeyri-neft defisiti ötən ilin 3 ayına nisbətən 23% (377 milyon dollar) böyüyüb”.
Teleqraf.com xəbər verir ki, üçaylıq iqtisadi mənzərəni iqtisadçı Rövşən Ağayev şərh edib.
O bildirib ki, ölkədən "xalis xəta və nöqsanlar" maddəsi altında dəqiq uçota alına bilməyən xalis kapital çıxışı 1.2 milyard dolları ötüb: “Son 15 ilə baxsaq bu həddi tarixi rekord da saya bilərik.
Maliyyə hesabına 1.3 milyard dollar profisit yaranıb (ötən il 1.2 milyard USD kəsir vardı). Amma müsbət saldonun yaranmasının səbəbi heç də ölkəyə xarici kapital axını ilə bağlı deyil, bu profisit Azərbaycan rezidentlərinin xaricdəki aktivlərini geri çağırması hesabına formalaşıb. Məsələn, bank sektorunun xaricdəki portfel qoyuluşları hesabına 693 milyon dollar, xaricdəki neft-qaz layihələri hesabına 453 milyon dollar xalis kapital geridönüşü baş verib.
Xarici neft-qaz şirkətləri ölkəyə birbaşa investisiya formasında 1.2 milyard dollara yaxın sərmayə gətirsələr də, kapital və mənfəət repatriasiyası formasında ölkədən 3 ay ərzində 3.1 milyard dollar çıxarıblar. Yəni 3 aylıq tədiyyə balansı üçün 2 milyard dollara yaxın kəsir yaradıblar.
Vətəndaşlara xaricdən göndərilən pul baratlarının həcmi 77% (210 milyon dollar) artaraq 481 milyon dollara çatıb.
Rübün yekunlarına görə tədiyyə balansında 3.4 milyard dollar müsbət saldo yaranıb”.