Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatını və tədarükünü azaltmaq qərarını ilin sonuna qədər uzatması dördüncü rübdə dünya bazarında əhəmiyyətli kəsirin yaranmasına səbəb olacaq.
IEA bildirir ki, Səudiyyə-Rusiya alyansı neft bazarları üçün ciddi çağırışdır. Agentlik hesab edir ki, iki istehsalçı 2024-cü ilin əvvəlində ixtisarları yüngülləşdirsələr belə, neft ehtiyatları ciddi şəkildə tükənəcək və qiymətlər şoklara qarşı həssas olaraq qalacaq. Səudiyyə Ərəbistanı və Rusiyanın neft hasilatını və tədarük ixtisarını ilin sonuna qədər ümumilikdə 1,3 milyon barel uzatmaq qərarı qiymət artımına səbəb olub.
Qeyd edək ki, sentyabrın əvvəlində Rusiya neft tədarükünün sutkada 300 min barel, Səudiyyə Ərəbistanı isə könüllü şəkildə sutkada 1 milyon barel azaldılmasını ilin sonuna qədər uzadıb.
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Teleqraf.com-a bildirib ki, Ukrayna ətrafında baş verən hadisələr, Rusiyaya tətbiq olunan çoxsaylı sanksiyalar enerji bazarlarında qeyri-müəyyənlik yaradıb.
Ekspert deyir ki, enerji axın xətlərinin istiqamətləri kəskin dəyişib: “Tədarük zənciri, məhsulun çatdırılma müddəti bir neçə dəfə uzanıb. Bütün bunlar əlavə neft və qaz həcmlərinin itkisi deməkdir. Qiymətlərə təsir edən amillərdən biri də budur.
Cari ilin iyun-iyul aylarında qlobal neftə olan tələbat 100 milyon bareli keçmişdi. Amma bu o demək deyil ki, dünya səviyyəsində neftə və yaxud enerji daşıyıcılarına tələbat artıb. Bu gün biz fiziki bazarlar haqqında danışmalıyıq. Çünki real iqtisadiyyata, eləcə də yanacaq, sürtkü materiallarına təsir edən elə fiziki bazarlardır. Bu bazarlarda hazırkı vəziyyət birbaşa tələbatın artması ilə bağlı deyil.
Məsələn, 2019-cu ildən əvvəl aviasiya kerosininə (təyyarə yanacağına) olan gündəlik tələbat 7.7 milyon barel idi. Həm İEA-nın, həm OPEC-in sentyabrda dərc etdiyi hesabatlara nəzər salsaq görərik ki, hazırda təyyarə yanacağına olan qlobal tələbat pandemiyadan əvvəlki səviyyəyə çatmayıb. Bunu avtomobil benzininə də aid etmək olar. Sadəcə məsafələr uzandığından neft məhsullarına və xam neftə tələbat artıb.
2014-cü ildə neft qiymətlərindəki kəskin azalmalar 2016-cı ilə qədər davam etdi. 2016-cı ildə Vyana görüşü zamanı OPEC və bir neçə qeyri-OPEC ölkələri (OPEC+ formatı) həmin ilin oktyabr səviyyəsinə nisbətən gündəlik neft hasilatını 1,8 milyon barel azaltmaq barədə razılığa gəlmişdilər.
Birbaşa fiziki neft bazarlarının tənzimlənməsi ilə bağlı olan saziş kəsintilərdən ibarət idi. Bu gün də OPEC+ formatı ölkələri həmin razılaşmanı yerinə yetirirlər. Burada məqsəd neft qiymətlərini yüksək səviyyədə saxlamaq idi. OPEC-in hasilat siyasəti qlobal neft ehtiyatlarını nəzarətdə saxlamaq və bazarı tənzimləməkdir. Bununla da OPEC və müttəfiq dövlətlər bazara nəzarət mexanizmini uzunmüddətli əllərində cəmləşdirmək istəyirlər”.
“Nəzərə alınmalıdır ki, strateji neft ehtiyatları təklif paketinə daxil olsa da, aktiv həcm deyil, passivdir. Amma son zamanlar OPEC və müttəfiq dövlətlərin hasilat siyasətini qabaqlamaq məqsədilə bazarda profsit yaratmaq naminə ABŞ və digər ölkələr öz aktivlərində olan strateji neft ehtiyatlarının müəyyən həcmini bazara çıxardı. Lakin bu da neft qiymətlərini durdurmadı. Çünki Ukrayna müharibəsi və Rusiyanın beynəlxalq ixrac qabiliyyətinə qoyulmuş məhdudiyyətlər neft məhsulları bazarlarında qeyri-müəyyən vəziyyət yaradıb” – deyə, analitik qeyd edib.
Dünyada dizel və aviasiya yanacağı ilə bağlı ciddi qıtlıq yaşanır...
Zəfər Vəliyev qlobal enerji bazarlarının daraldığını təsdiq edib: “Avropada, ABŞ-da və Asiyadakı mövcud neft emalı zavodları (NEZ) yetərincə orta-ağır neft emal etməsə, qlobal neft məhsulları bazarında dizel və aviasiya kerosininin qıtlığını müşahidə edəcəyik. Hazırda bazarlarda müşahidə olunan qıtlıq dizel və aviasiya yanacağı ilə bağlıdır. Bu gün dizel yanacağının bir tonunun qiyməti 1000 dolları keçib. Bu, ərzaq inflyasiyasının dərinləşməsinə, daşınma xərclərinin artmasına və digər sahələrə neqativ təsirini göstərir.
OPEC və qeyri-OPEC ölkələrindən kənarda bazara əlavə neft həcmlərinin çıxarılması o qədər də inandırıcı görünmür. ABŞ-da sutkalıq neft hasilatı 12.8 milyon bareldir. Amma bu yüngül neftdir, onunla bazarı tənzimləmək mümkün deyil. İranın beynəlxalq siyasəti nə qədərə qəbuledilməz olsa da, bazarlarda yüngül və ağır neft balansını tənzimləyən dövlətlərdən biridir.
Qiymətlərin artmasına təsir edən digər amil təbii qaz qıtlığıdır. NEZ-lərdə boz hidrogen maddə var. Bu, birbaşa dizel, kerosin, benzin və digər fraksiyaların tərkibindən kükürdü ayırır. Boz hidrogen də boru kəmər qazından alınır. Əgər beynəlxalq təbii qaz bazarlarında defisit müşahidə olunursa, deməli, NEZ-lər normal fəaliyyət göstərmir. Çünki yüksək qaz, yüksək neft məhsulları qiyməti və yüksək emal xərcləri deməkdir.
Hesab edirəm ki, proses Səudiyyə Ərəbistanı və neft ixrac edən digər dövlətlərin dünyanın enerji porfelində öz iştirak paylarını bərkidənə qədər davam edəcək. Başqa sözlə, Rusiyanın neft tədarükünü sutkada 300 min barel, Səudiyyə Ərəbistanının könüllü şəkildə sutkada 1 milyon barel azaltması növbəti ilin birinci rübünə qədər davam edəcək. Nəticədə dünya bazarlarında neft məhsullarının böyük bir kəsiri yaranacaq. Təbii ki, bu da qiymətlərlə yanaşı enerji keçidinə də neqativ təsir edəcək. Neft məhsullarının qiymətlərində yüksək artımlar alternativ və bərpolunan enerji mənbələrinin inkişafına mane olacaq”.