Rusiyanın təşəbbüs göstərdiyi "Türk axını" qaz kəməri layihəsi Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı Trans-Anadolu boru kəməri (TANAP) layihəsinə rəqib deyil.
Bunu Trend-ə "SOCAR Turkey Enerji"nin rəhbəri, "Petkim" neft-kimya holdinqinin İdarə heyətinin üzvü Kənan Yavuz deyib.
Onun sözlərinə əsasən, "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarı imzalanıb: "Bu çərçivədə qaz TANAP layihəsi üçün mənbədir. TANAP-ın tikintisi üzrə iri sazişlər artıq imzalanıb, layihənin səhmdarları məlumdur, qaz alıcıları müəyyənləşib, əsas podratçılar artıq boru kəmərinin tikintisi üzrə iş aparırlar".
K.Yavuz qeyd edib ki, TANAP, həmçinin Azərbaycan və Türkiyə tərəfindən güclü siyasi dəstəyə malikdir: "TANAP "Cənub Qaz Dəhlizi"nin daha vacib hissəsidir. "Cənub Qaz Dəhlizi" Aİ-nin enerji siyasətində vacib rol oynayır. TANAP Azərbaycanı Türkiyənin ikinci iri qaz tədarükçüsü və Avropaya alternativ tədarükçü edir".
O əlavə edib ki, investisiyaların təşviqi, yeni iş yerləri və biznes imkanlarının yaradılması yolu ilə TANAP layihəsi tədarüklər zəncirində sosial-iqtisadi inkişafa xidmət edəcək.