22 İyun 2015 20:33
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR prezidenti Rövnəq Abdullayev iyunun 18-20-də keçirilmiş Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib. Əsas məruzə ilə “Rosneft” şirkəti İdarə Heyətinin sədri İqor Seçinin çıxış etdiyi panel iclasında aparılmış müzakirələrdə SOCAR prezidenti ilə birlikdə BP, Total, Trafigura, PDVSA, Schlumberger kimi beynəlxalq enerji şirkətlərinin rəhbərləri də iştirak ediblər.

Rövnəq Abdullayev çıxışında bildirib ki, Azərbaycan qarşıdakı uzun müddət üçün öz enerji təhlükəsizliyini tam təmin edib, region ölkələrinin enerji təhlükəsizliyində etibarlı təchizatçı kimi mühüm rol alıb: “Əsas nailiyyətlərdən biri də Azərbaycanın təbii qaz ölkəsi kimi dünyanın diqqət mərkəzinə gətirilməsidir. Enerji strategiyası çərçivəsində qazanılan uğurlar regionun makroiqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Hazırda Avropanın ən iri infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizi layihəsi həyata keçirilir. Prezident İlham Əliyev bu layihəni “21-ci əsrin layihəsi” adlandırmış, istehsalçı, tranzit və istehlakçı ölkələrin səylərinin birləşdirilməsi və əlaqələndirilməsi üçün ehtiyac olduğunu bildirib”. Rövnəq Abdullayev enerji sahəsində qiymətlərin dəyişməsinə baxmayaraq, layihənin planlaşdırılmış müddətdə tam həcmdə başa çatdırılacağını qeyd edib.

SOCAR prezidenti Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Qazprom” şirkəti İdarə Heyətinin sədri Aleksey Millerlə də görüşüb. Görüşdə Rusiya tərəfi AzMeCo metanol zavodunun qazla təchiz olunması təklifi ilə çıxış edib. Təklif SOCAR rəhbərliyi tərəfindən müsbət qiymətləndirilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər