Prezident İlham Əliyev "Mərkəzi Bank" haqqında qanuna etdiyi dəyişiklikləri təsdiq edib. Bu dəyişikliyə görə, kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.
Qərarı şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi MB-ın kapital ehtiyatları hesabına təmin olunur: "Qurumun fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla, dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir. Yeni qaydalar bankın kapitalının formalaşması və kapital çatışmazlığı problemi ilə üzləşəndə onun ödənilməsi mexanizmlərinin dəyişdirilməsini nəzərdə tutur. Əvvəlki qaydalara görə, qurum ehtiyatları ilə nağd pul dövriyyəsi arasındakı asıllığı qorumaq üçün eyni zamanda pul aqreqatlarının həcmini dəyişməli idi. İndi isə bu məsələdə sərbəst olacaq. MB-ın kapital ehtiyatlarının minimum həddi onun nizamnamə kapitalından az olmamaq şərti ilə müəyyən olunacaq".
Onun sözlərinə görə, əvəllər bankın aktivlərinin məbləği onun passivlərinin məbləğindən aşağı düşdükdə, yaranmış kapital çatışmazlığı dövlət tərəfindən ödənilməsi nəzərdə tutulurdu və bunun icrası üçün konkret mexanizmlər yox idi: "İndi isə qiymətli kağızlar vasitəsi ilə borclanacaq, nəticədə isə bu çatışmamazlıq bir maliyyə ili təxirə salınmaqla, dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. Bu dəyişiklikliyin müsbət tərəfi odur ki, qiymətli kağızlar bazarına müdaxilə bu bazarın inkişafına müsbət təsir göstərəcək və dövlət vəsaitlərinin qənaət edilməsinə imkan verəcək. Çünki, əvvəllər dövlət büdcəsi planlaşdırılan zaman bankın kapital çatışmazlığı yarandığı halda dövlətdən həmin vəsait alınırdı. Yeni qaydalar isə daxili borclanma hesabına həmin çatışmazlığı ödəməyə imkan verəcək".