Bu gün Beyləqan, Saatlı və Şabran rayonlarının daha üç kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Teleqraf.com-un SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Beyləqan rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 192 abonenti olan Günəşli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 192 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
485 abonenti olan Saatlı rayonunun Qarayevkənd kəndinin qazlaşdırılması zamanı təxminən 60 kilometrə yaxın qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün Şabran rayonunun 48 abonentlik Xəlilli kəndinə də ilk dəfə təbii qaz verilib. Bu məqsədlə 24,6 kilometrdən artıq müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri quraşdırılıb, abonentlər sayğac və fərdi tənzimləyicilərlə təchiz edilib.
Kənd sakinləri və ictimaiyyət nümayəndələri kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.