Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərini davam etdirir.
Teleqraf.com-un məlumatına görə, xidmət tərəfindən növbəti belə tədbir Bakı Slavyan Universitetində təşkil olunub. Tədbirdə 9-u dövlət, qalanları özəl sektora məxsus 62 müəssisə tərəfindən 382 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin iş yerlərindən 337-si özəl müəssisələrə aid olub. Dövlət Məşğulluq Xidmətinin və universitetin rəhbər şəxsləri aktiv məşğulluq tədbirinin təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri ilə tanış olub, işəgötürənlərin nümayəndələrinin, tələbə və məzunların belə tədbirlər barədə rəy və təəssüratlarını öyrəniblər.
Bildirilib ki, respublikamızda həyata keçirilən məqsədyönlü dövlət proqramları əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, o cümlədən gənclərin səmərəli məşğulluğunun təminatında mühüm addımların atılmasına səbəb olub. Belə tədbirlərdə məqsəd də dövlət məşğulluq strategiyasına uyğun olaraq, gənclərin əmək bazarına çıxış imkanlarına yiyələnməsinin dəstəklənməsi, onların uğurlu əmək karyerasına doğru ilk addımlarını atmaları, eyni zamanda, işəgötürənlərin müvafiq ixtisas bacarıqlarına malik kadrların seçimini aparmaları üçün şərait yaradılmasıdır.
Tədbirdə işəgötürənlərin nümayəndələri ilə tələbə və məzunlar arasında ilkin əlaqələr qurulub, mövcud əmək bazarı, müəssisə, idarə və təşkilatlarda onların ixtisaslarına olan tələbat barədə məlumatlar verilib. Boş iş yerlərinə göndərişlər verilib, əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər qeydiyyata alınıb. Həmçinin tələbə və məzunlar gələcəkdə işə qəbul olunmaq istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları (CV) təqdim ediblər.
Cari ilin ötən dövründə artıq 10 ali təhsil müəssisəsində aktiv məşğulluq tədbirləri keçirilib. Tədbirlər zamanı 370 nəfər boş iş yerlərinə göndərişlər verilib, 128 nəfər əlavə təhsil kurslarına cəlb olunub, 3443 nəfər tələbə və məzundan şəxsi məlumatları (CV) qəbul edilib.
Naibə QURBANOVA