8 Mart 2016 12:12
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 7-də SOCAR-ın Baş ofisində Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Zavod ilə “SOCAR-KBR” Birgə Müəssisəsi arasında Layihənin İdarəedilməsi üzrə Podratçı (PMC) müqaviləsinin imzalanma mərasimi keçirilib.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland, hər iki şirkətin rəhbər nümayəndələri iştirak ediblər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev qonaqları salamlayaraq, H.Əliyev adına NEZ-də həyata keçiriləcək yenidənqurma işlərindən bəhs etmiş, mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşasının nəzərdə tutulduğunu və bunun da nəticəsində zavodda “Avro-5” standartlarına cavab verən daha keyfiyyətli neft məhsuları istehsal olunacağını bildirmişdir. R.Abdullayev qeyd etmişdir ki, mərhələli olaraq 2019-2020-ci illərə qədər davam etdiriləcək yenidənqurma layihələrinin mürəkkəbliyi nəzərə alınaraq, podratçılara nəzarət və idarəetmədə böyük təcrübəyə malik “SOCAR-KBR” Birgə Müəssisəsi Layihənin İdarə Edilməsi üzrə podratçı (PMC) qismində işlərə cəlb edilmişdir. “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti, “SOCAR-KBR” Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü Jan Egil Braendeland bildirmişdir ki, müqavilə çərçivəsində “SOCAR-KBR” və SOCAR mütəxəssislərindən ibarət İnteqrasiya olunmuş İdarəetmə Komandası (IPMT) - “Birgə Layihə Qrupu”nun yaradılması nəzərdə tutulur. O, “SOCAR-KBR” Birgə Müəssisəsinin layihənin bütün mərhələlərinin icrasına nəzarət edəcəyini və həmin mərhələlərə cəlb olunan podratçıların idarə edilməsində SOCAR-a dəstək verəcəyini demişdir. Daha sonra sənədin imzalanma mərasimi keçirilmişdir. Müqaviləni Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov və “SOCAR-KBR” Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü Jan Egil Braendeland imzalamışlar.

Qeyd edək ki, baş ofisi ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” şirkəti mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarından biridir. Şirkət 1993-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlamış və həmin vaxtdan etibarən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, NQENKK kimi irimiqyaslı layihələrdə xidmət göstərmişdir. SOCAR və “KBR” şirkətləri tərəfindən yaradılmış “SOCAR-KBR” birgə müəssisəsi geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə), tikinti və idarəetmə xidmətləri üzrə ixtisaslaşmışdır.


Müəllif:

Oxşar xəbərlər