Qlobal iqtisadi risklərin mövcudluğu ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərliyini uçot dərəcəsinin artırılması prosesinə daha ehtiyatlı yanaşmağı vadar edir.
Teleqraf.com-un məlumatına görə, bunu Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellen Nyu-York İqtisadi Klubunda çıxışı zamanı bildirib: “Hazırkı aşağı uçot dərəcəsi ilə qlobal iqtisadi problemlərə cavab olaraq FED-in ənənəvi siyasət yürütməsi məqbul sayılmır. Qlobal proseslər riskləri artırır və iqtisadi, o cümlədən maliyyə mühiti uçot dərəcəsini artırdığımız ötən ilin dekabr ayından daha əlverişsiz olur”.
Bununla yanaşı, FED rəhbəri uçot dərəcəsinin konkret olaraq hansı ayda artırılacağını dilə gətirməyib.
Canet Yellenin fikirlərini şərh edən iqtisadçı Samir Əliyev deyib ki, hazırda həm dünyada, həm də ölkədə baş verən proseslər manata müvəqqəti olsa da güvənlik verir: “Neftin qiymətinin sabitləşməsi ($40 civarında) və FED rəhbəri xanım Canet Yelenin uçot dərəcələrini ehtiyatla qaldırmaq barədəki niyyəti dünya dolların möhkəmlənməsini bir müddət ertələyib. Dollar əsas valyutalara münasibətdə ucuzlaşmağa başlayıb. Bu, manata xarici təzyiqi azaldır.
Digər tərəfdən Mərkəzi Bankın manat kütləsini azaltması nəticəsində banklar manat qıtlığı ilə üzləşib. Elə bunun nəticəsidir ki, valyuta hərracında bankların dollara tələbatı kəskin azalıb. Elə buna görə də manatın son günlər bahalaşması müşahidə edilir. Eyni zamanda vergi ödənişi dövrü yaxınlaşdığından şirkətlər, xüsusilə iri şirkətlər xarici valyutada olan vəsaitlərini manata çevirirlər. Ona görə də həm bazara əlavə dollar çıxarılıb, həm də manata ehtiyat yaranıb. Bu isə manatın mövqeyini daha da gücləndirir”.
Bütün bunları nəzərə alaraq ekspert yaxın 1-2 həftədə manatın dollar qarşısında mövqeyinin güclənəcəyini və müəyyən qədər bahalaşacağını vurğulayıb: “Hətta manatın 1,55 psixoloji həddi də keçməsi istisna edilmir. Ola bilsin manatın dollara olan rəsmi məzənnəsi 1,5-ə qədər yüksəlsin. Hər bir halda bu bahalaşma müvəqqəti xarakter daşıyacaq və uzunmüddətli dövrdə manatın ucuzlaşması qaçılmazdır. Çünki manatın bahalaşmasnın heç bir iqtisadi əsası yoxdur və hazırda daha çox inzibati addımlardan dəstək alır. Bütün bunlar sadəcə gözləntilərdir. Manatın məzənnəsi real səviyyəsini almadığından neftin bahalaşması hazırda manatın möhkəmlənməsini şərtləndirmir”.
Naibə QURBANOVA