25 Aprel 2016 17:20
2 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 15-də Bakıda regionun ən iri yeni “Gənclik Mall” ticarət mərkəzi açılışı olub. Ticarət mərkəzində müxtəlif mağazalarla yanaşı “Bravo” supermarketi də fəaliyyət göstərir.

Marketin açılışı günü Feysbuk şəbəkəsində bəzi meyvə və tərəvəzlərin qiyməti paylaşılıb və müzakirə obyektinə çevrilib. Satılan məhsulların qiyməti və alıcıların marağını öyrənmək üçün yolumuzu “Bravo” supermarketə saldıq. Marketi gəzib qiymətlər, təklif olunan məhsullar haqqında maraqlandıq.

Kilosu 66 manata

İlk diqqətimizi çəkən müxtəlif ölkələrdən gətirilmiş meyvələrin düzüldüyü piştaxtalar oldu. Buradakı meyvələri başqa marketlərdə görmüşəm desəm yanılaram. Çünki bir neçəsini çıxmaq şərti ilə adlarına ilk dəfə rast gəlirdim: kıvano, draqon fruite, quava, rambutan...

Qiymətləri də sanballı idi...

Kıvano - 1 dənəsi 7.99 manat, rambutan - 1 kiloqramı 59.75 manat, tamarino - dənəsi 24.44 manat, draqon fruite - 1 kiloqramı 42.45 manat, təzə əncirin kiloqramı 26 manat, kinkan - 26.99 manatdan, quavanın 1 kiloqramı 66.39 manat, balqabaq 13.99 manat, qızılı turpun kilosu 11 manat 63 qəpik...

Əgər quava meyvəsini 1 dənəsini əldə etmək istəsəniz 16-21 manat pulunuzdan keçməli olacaqsız.

"Pulumuz olanda alıb gözəlləşərik"

Quava meyvəsinin qiymətinə baxarkən iki qadının söhbəti diqqətimizi çəkdi. Qadını biri o birisinə meyvənin faydasını izah edirdi:

- Adını da düz deyə bilmədim (gülür)... Bu meyvə onlarla xəstəliyin qarşısını alır. İnternetdə oxumuşdum ki, onu yeyən insan gözəlləşir. Ləkələrdən, sızanaqlardan xilas olmağa kömək edir. Gərək çiy halda yeyəsən ha... Pulumuz olanda alarıq, gözəlləşərik.

Qadınlar gülə-gülə başqa meyvələrin adlarına baxmağa getdilər.

“Məqsəd brend olmaqdır”

Mərkəzin açılışı zamanı “Bravo”nun əməkdaşları bildirmişdilər ki, supermarketin ambisiyası Azərbaycanda ərzaq məhsullarının pərakəndə satışı üzrə həmişə milli dəyərlərə bağlı olan və ölkəyə qürur verən ən etibarlı brend olmaqdır: “Bravo İngiltərədə pərakəndə satış sahəsində aparıcı brend olan “Waitrose” və Fransanın pərakəndə satış üzrə dünyaca məşhur brendi sayılan “Casino” ilə eksklüziv əməkdaşlıq sayəsində rəqabətli qiymətlərlə beynəlxalq brendləri Azərbaycana gətirir”.

Meyvə-tərəvəz bölməsindən ayrılıb digər məhsulların olduğu hissəyə keçdik. Xaricdən gətirilmiş konfetlərin qiyməti 82 manatdır.

İçkilərin də qiymətləri fərqli idi. Fransız şərablarını 62.88-128 manat arası qiymətlərlə almaq olardı. Yerli spirtli içki istəyirsizsə, “Savalan”, “Qəbələ”, “İvanovka” şərablarına nəzər sala bilərsiz. Qiymətləri 2.75-9.64 arası dəyişir.

Təbii şirə 40 qəpikdən

Təzə çəkilən meyvə şirələrinin qiyməti tərkibinə görə dəyişir. Qiymət 40 qəpikdən başlayır... Təbii portağal şirəsinin qiyməti isə 1 manat 68 qəpikdir. Şirələrin tərkibi bir neçə meyvənin şirəsindən ibarət olanda qiyməti də dəyişir.

Alıcı Sevda Əsədova deyir ki, “Bravo” marketdə qiymətlər digər marketlərdən fərqlənmir: “Məsələn, göyərtinin 1 dəstəsi 13 qəpik, digər marketlərdə 19 qəpikdir. Ancaq ət məhsulları bahadır”.

“Bravo” marketdə 25 manata Çili bibəri, 42 manata qırmızı bibər, qablara doğranmış halda yerləşdirilmiş qarpız 3.81 manat, bütöv qarpız 3.35 manat, doğranmış soğan 0.18 qəpik, tikə dana əti 11.20 manata almaq olar. İnək əti isə 4 manatdır.

Belə qəribə qiymətləri olan supermarketin adminstratoru ilə görüşmək istəyimizə qəribə də cavab aldıq: “Telefon nömrənizi qoyun, lazım olanda özümüz zəng edərik...”

İlhamə ƏBÜLFƏT


Müəllif: