7 İyun 2016 12:15
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər sosial şəbəkələrdə təzə adı ilə alınan bəzi məhsulların keyfiyyətsiz olması ilə bağlı paylaşımlar edilir. Daha çox süd və süd məhsulları, kolbasa və sosiska, o cümlədən çörəyin keyfiyyəti ilə bağlı şikayətlər var.

Bu fonda İqtisadiyyat Nazirliyinin tabeçiliyində olan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti öz fəaliyyətinə son vermiş kimi görünür. Ekspertlər bunu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun qəbulundan sonra baş verdiyini deyirlər.

Xatırladaq ki, qanuna əsasən, 2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev son günlər istehlak bazarında şikayətlərin artması xəbəri ilə razılaşmır: “Məlumdur ki, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların apardığı yoxlamalar iki il müddətinə dayandırılıb, ancaq bu o demək deyil ki, istehlak bazarına nəzarət olunmur. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 498 -15-01 498-15 -04 nömrəli telefon xətləri və İqtisadiyyat Nazilriyinin 195-2 xətti əhalinin xidmətindədir. Bir neçə aydır, bu xətdə yeni xidmətə başlamışıq.

Bu nömərəyə zəng vurmaqla İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə daxil olan 7 istiqamət üzrə məlumat almaq olar. Bütün ölkə vətəndaşları istehlak bazarında onları narahat edən məsələlərlə bağlı bu nömrələrə müraciət edə bilərlər”.

Abbas Əliyev deyir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun qəbulundan sonra şikayətlərdə artım yox, əksinə azalma var: “Yoxlamalar dayandığı müddətdən bəri gələn şikayətlər çox deyil. Əsas şikayət super marketlərdə vitrində bir qiymət, çekdə başqa qiymət vurulması ilə bağlı olub. Ümumiyyətlə, son illərin təcrübəsi göstərir ki, ildən ilə istehlak bazarında qanunsuz hallara yol verilməsi halları azalır. Anacaq bununla belə nəzarət daimidir”.

Manatın devalvasiyasından sonra əksər məhsulların qiymətində kəskin bahalaşma qeydə alınsa da, son günlər dolların ucuzlaşması fonunda əks prosesi görünmür. İstehlakçıları narahat edən bu məsələyə münasibət bildirən nazirlik sözçüsü hazırda manatın dollara nisbətən məzənnəsinin dəyişməsi böyük ölçüdə deyil: “Hazırda manatın dollara nisbətən bir qədər möhkəmlənməsi müşahidə olunur. Kurs dəyişikliyinin çox kiçik ölçüdə olması isə bazara hələ ki öz təsirini göstərməyib. Bu baxımdan qiymətlərdə dəyişiklik müşahidə olunmur. Şübhəsiz, kurs dəyişikliyi daha böyük olarsa, birinci növbədə idxal məhsullarının qiymətində dəyişiklik hiss oluna bilər”.

Abbas Əliyev satışda qiyməti nazirlik tərəfindən tənzimlənməyən məhsulların olduğu üçün onlara müdaxilənin mümkün olmadığını deyir: “Elə məhsulllar var ki, bazar iqtisadiyyatı prinsipinə uyğun, tələb-təklif əsasında formalaşır. Bu səbəbdən onların qiymət siyasətinə müdaxilə nazirliyin imkanı xaricindədir”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər